Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları üçün Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya təşkil edilib.
Sosial Xidmətlər Agentliyindən QHT.az-a verilən məlumata görə, ekskursiya çərçivəsində qonaqlar üçün keçəçilik sənəti üzrə ustad dərsi də təşkil edilib. Mərkəzin yetirmələri bu qədim tətbiqi sənət növünün hazırlanma texnikası, istifadə olunan materiallar və tarixi barədə ətraflı məlumat əldə edib, həmçinin praktiki məşğələdə iştirak ediblər.
Ekskursiya çərçivəsində gənclər həmçinin Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində nümayiş etdirilən tarixi eksponatlarla tanış olublar, ölkəmizin zəngin mədəni irsi və xalq sənətkarlığı nümunələri haqqında məlumatlandırılıblar.
Tədbirin məqsədi əlilliyi olan şəxslərin yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi və onların sosial inteqrasiyasına dəstək göstərilməsidir.






