Azərbaycanda 2009-cu ildən etibarən hər il mayın 6-sı “İnsan alverinə qarşı mübarizə günü” kimi qeyd olunur.
Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi İB sədri İradə Polad QHT.az-a açıqlamasında bildirilib ki, insan alveri qlobal humanitar bəladır və ən inkişaf etmiş ölkələrin cəmiyyətləri belə bu problemdən zərər görür. Buraya istismar məqsədilə həyata keçirilən insan alveri, insanların satın alınması və ya satılması, oğurlanması, girov götürülməsi və bu məqsədə xidmət edən digər cinayətlər daxildir.
Qeyd olunur ki, traffikinq məqsədləri müxtəlif ola bilər: qadın alveri, insan orqanlarının alveri, cinayətkar dəstələrin formalaşdırılması və digər formalar bu kateqoriyaya aiddir. İnsan alveri həm dövlət daxilində, həm də qlobal miqyasda cinayət sayılır və silah alverindən sonra dünyada ikinci ən gəlirli kriminal sahə hesab olunur.
BMT-nin məlumatına görə, hazırda dünyada təxminən 27 milyon insan qul vəziyyətində yaşayır. ABŞ Federal Təhqiqat Bürosunun (FBI) məlumatlarına əsasən isə insan alveri hər il təxminən 9,5 milyard dollar gəlir gətirən cinayət sahəsidir.
Azərbaycanda da bu istiqamətdə cinayətkarlıq halları mövcuddur və aidiyyəti qurumlar tərəfindən mütəmadi əməliyyatlar həyata keçirilir. Bununla yanaşı, problemin qarşısının alınması üçün ictimaiyyətin və vətəndaş cəmiyyətlərinin fəallığı vacib hesab olunur.
QHT-lərin müxtəlif yaş və sosial qruplar arasında maarifləndirmə işi aparması, görüşlər təşkil etməsi, psixoloq və sosioloqları prosesə cəlb etməsi insan alverinə qarşı mübarizəyə mühüm töhfə verə bilər. Eyni zamanda, əhalinin sıx olduğu yerlərdə maarifləndirici videoçarxların nümayişi də effektiv vasitə kimi göstərilir.
Sonda qeyd olunur ki, Azərbaycan QHT-ləri bu sahədə Türkiyə, Gürcüstan, Rusiya və Mərkəzi Asiya ölkələrindəki tərəfdaşları ilə əməkdaşlığı genişləndirərək insan alverinə qarşı mübarizəyə daha böyük töhfə verə bilərlər.
Zəhra Ağayeva






