“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərin sosial media bacarıqlarının artırılması” layihəsinin icrasını yekunlaşdırıb.
İyun–oktyabr aylarını əhatə edən layihənin əsas məqsədi QHT nümayəndələrinin sosial media sahəsində bilik və bacarıqlarını artırmaq, təşkilatların fəaliyyətinin ictimaiyyətə daha effektiv çatdırılmasına dəstək göstərmək və rəqəmsal kommunikasiya imkanlarından səmərəli istifadəni təşviq etmək olub.
Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində birgünlük praktiki təlimlər təşkil edilib. Təlimlərdə QHT rəhbərləri, əməkdaşları və ictimai fəallar olmaqla ümumilikdə 43 nəfər iştirak edib.
Sumqayıtda Şahlar Abbasovun, Bakıda isə Bəxtiyar Həsənovun apardığı təlimlərdə sosial media strategiyasının hazırlanması, keyfiyyətli mətn, vizual və video məzmunun yaradılması, paylaşımların planlaşdırılması, auditoriya ilə effektiv ünsiyyətin qurulması mövzuları əhatə olunub. Həmçinin müasir rəqəmsal alətlərdən və süni intellekt imkanlarından istifadə ilə bağlı nəzəri və praktiki biliklər təqdim edilib.
Layihənin digər mühüm istiqaməti üzrə 15 QHT sədrinin uğur hekayəsini əks etdirən videoçarxlar hazırlanıb. Videoçarxlarda onların rəhbərlik etdikləri təşkilatların fəaliyyəti, həyata keçirdikləri ictimai təşəbbüslər, əldə etdikləri nailiyyətlər və cəmiyyətə verdikləri töhfələr təqdim olunub. Bu materiallar QHT-lərin fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması və vətəndaş cəmiyyəti təşəbbüslərinin tanıdılması məqsədi daşıyıb.
Layihə rəhbəri, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə layihənin QHT-lərin kommunikasiya bacarıqlarının inkişafına və fəaliyyətlərinin görünürlüğünün artırılmasına yönəldiyini bildirib. Onun sözlərinə görə, praktiki təlimlər və uğur hekayələri QHT-lərin həm sosial mediadan daha məqsədyönlü istifadəsinə, həm də gördükləri işlərin ictimaiyyətə daha anlaşıqlı və təsirli təqdim olunmasına dəstək vermək baxımından əhəmiyyətlidir.
Təşkilat layihəyə göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, həmçinin təlimçilərə, iştirakçılara, uğur hekayələrini bölüşən QHT sədrlərinə və tərəfdaşlara təşəkkürünü bildirib.










