Professor, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov DOST Agentliyinin yaradılmasının 8-ci ildönümü münasibəti ilə DOST Agentliyinin 8 illik fəaliyyətini, əldə etdiyi uğurları və sosial xidmətlər sisteminə verdiyi töhfələri haqda fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri təqdim edir:

"Bu gün Azərbaycanın sosial xidmətlər sistemində mühüm dönüş nöqtəsi olan DOST Agentliyinin yaradılmasının 8 ili tamam olur. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial xidmətlərin göstərilməsində sözün əsl mənasında innovativ və inqilabi yenilik oldu. Vətəndaşların sosial xidmətlərə vahid məkandan, “bir pəncərə” prinsipi əsasında, rahat, operativ və şəffaf şəkildə çıxışını təmin edən bu model ölkəmizdə tamamilə yeni xidmət mədəniyyəti formalaşdırdı.

Ötən illərin nəticələri DOST modelinin nə dərəcədə uğurlu olduğunu konkret göstəricilərlə ortaya qoyur. İndiyədək 4,6 milyondan çox vətəndaş DOST xidmətlərindən yararlanıb, xidmətlərdən məmnunluq səviyyəsi 99 faizə yaxındır. Hazırda ölkə üzrə 7 DOST mərkəzi, 4 DOST qəbul şöbəsi və 3 DOST məntəqəsi fəaliyyət göstərir. Bu rəqəmlərin arxasında milyonlarla vətəndaşın dövlət sosial xidmətlərinə daha rahat çıxışı, problemlərinin operativ həlli və ən əsası, dövlət xidmətindən yüksək məmnunluğu dayanır.

DOST-un uğurları ölkə sərhədlərini aşaraq beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Fəaliyyət göstərdiyi dövr ərzində Agentlik 39 beynəlxalq mükafat və sertifikata, o cümlədən 7 ISO sertifikatına layiq görülüb. DOST təcrübəsinin müxtəlif beynəlxalq platformalarda təqdim edilməsi və öyrənilməsi Azərbaycanın sosial xidmətlər sahəsində formalaşdırdığı bu modelin artıq beynəlxalq miqyasda da maraq doğurduğunu göstərir. Bu, eyni zamanda ölkəmizin sosial sahədə innovativ dövlət idarəçiliyi təcrübəsinin mühüm uğurlarından biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura olaraq bizim üçün DOST-un fəaliyyətində xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də şəffaflıq, ictimai iştirakçılıq və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq prinsipləridir. QHT-lərlə və digər vətəndaş cəmiyyəti institutları ilə açıq dialoq, ictimai rəy və təkliflərin dinlənilməsi, xidmətlərin göstərilməsində şəffaflığın və hesabatlılığın əsas prinsip kimi götürülməsi dövlət-vətəndaş münasibətlərində etimadın güclənməsinə xidmət edir. DOST modeli göstərdi ki, müasir sosial xidmət yalnız xidmətin özünün göstərilməsi deyil, həm də vətəndaşa münasibət, onun məmnunluğu, hüquqlarına hörmət və dövlətə inamının möhkəmləndirilməsidir.

DOST Agentliyinin yaradılmasının 8-ci ildönümü münasibətilə Agentliyin rəhbərliyini, bütün əməkdaşlarını və bu uğurlu modelin inkişafına töhfə verən hər kəsi ürəkdən təbrik edirəm. Əminəm ki, DOST bundan sonra da innovativ yanaşmaları, yüksək xidmət standartları, şəffaf və vətəndaşyönümlü fəaliyyəti, eləcə də vətəndaş cəmiyyəti ilə səmərəli əməkdaşlığı ilə Azərbaycanın sosial xidmət sisteminin inkişafına mühüm töhfələr verəcək. 8 yaşın mübarək, DOST!"