Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, hüquq üzrə elmlər doktoru Nizami Səfərovun iştirakı ilə Xocalı soyqırımının hüquqi aspektlərinə həsr olunmuş tədbir keçirilib.
QHT. az E-huquq.az-a istinadən məlumatına görə, tədbirin məqsədi Xocalı soyqırımına beynəlxalq və cinayət-hüquqi aspektdən yanaşmanın təqdim olunması, bu soyqırım aktını törədənlərin cinayət-hüquqi məsuliyyətinə dair beynəlxalq və milli hüquq normalarının diskussiya şəklində təhlilinin aparılmasından ibarət olub.
Tədbiri açıq elan edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxış edərək Xocalı soyqırımı ilə bağlı tarixi faktlara toxunub, öz mövqeyini beynəlxalq mənbələrə istinadən əsaslandırıb. Daha sonra Xocalı soyqırımının Azərbaycanın qara səhifələrindən biri olduğunu bildirən Nizami Səfərov öz çıxışında soyqırım cinayətinin mahiyyəti və növləri haqqında, soyqırıma görə cinayət məsuliyyətinin həm beynəlxalq, həm də milli-hüquqi aspektdən əsasları barədə ətraflı məlumat verib.
Daha sonra fakültənin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri professor Şəhla Səmədova soyqırım cinayətinin elementlərini və bu əməllərə görə cinayət məsuliyyətinə cəlb etmənin praktiki tərəflərini Xocalı soyqırımı ilə əlaqələndirərək şərh etmiş, bu sahədə təklif və tövsiyələrini təqdim edib.
Tədbirin davamında fakültə əməkdaşları və tələbələr tərəfindən verilən suallar N.Səfərov tərəfindən cavablandırılıb.
Fakültə Tələbə Gənclər Təşkilatının Xocalı soyqırımına həsr olunmuş esse müsabiqəsinin qalibi II kurs tələbəsi İsgəndərova Nigar İsmət qızı fakültə dekanı və Nizami Səfərov tərəfindən sertifikatla təltif olunub.
Tədbirin sonunda dekan Zaur Əliyev bu kimi tədbirlərin davamlı olmasının əhəmiyyətini vurğulamış, dünya miqyasında tanınmış alim Nizami Səfərova təşəkkürünü bildirib.












