Aprelin 28-də Bakı Dövlət Universitetinin Hüquq fakültəsində dünya şöhrətli alim, akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
QHT. az E-huquq.az -a istinadən xəbər verir ki, tədbirdə Hüquq fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
İclası açıq elan edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev akademik Zərifə xanım Əliyevanın əlamətdar yubileyində onun hər kəsə nümunə ola biləcək həyat və fəaliyyəti, zəngin elmi irsi haqqında ətraflı məlumat verib. Fakültə dekanı Zərifə xanım Əliyevanın təkcə insanlara nur bəxş etmiş həkim-oftalmoloq, vətənpərvər alim deyil, həmçinin Azərbaycan qadınının mücəssəməsi, sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana olduğunu diqqətə çatdırıb. Fakültənin dekanı Zərifə xanımın keçdiyi parlaq və şərəfli həyat yolunun hər bir Azərbaycanlı üçün nümunə olduğunu bildirib.
Tədbirdə çıxış edənlər – Cinayət hüququ və kriminologiya kafedrasının müdiri professor Şəhla Səmədova, Cinayət prosesi kafedrasının müdiri professor Firuzə Abbasova, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri professor Əmir Əliyev, Əmək və ekologiya hüququ kafedrasının professoru Zahid Cəfərov akademik Zərifə xanım Əliyevanın mənalı həyat yolu və zəngin elmi irsindən ətraflı bəhs ediblər.
Hüquq fakültəsi tərəfindən təşkil edilmiş bu tədbir iştirakçıların, o cümlədən tələbələrin böyük marağına səbəb olmuş və bu kimi tədbirlərin davamlı olmasının vacibliyi vurğulanıb.












