15 iyul 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə əməkdaşlığı çərçivəsində  “BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının (CEDAW) həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının rolu”  mövzusunda tədbir keçirilib.

QHT.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda “İctimai iştirakçılıq haqqında” Qanunun mövcud olduğunu diqqətə çatdıraraq, hər bir dövlət qurumu yanında fəaliyyət göstərən ictimai şuraların əhəmiyyətini qeyd edib. Həm ayrı-ayrılıqda qeyri-hökumət təşkilatları ilə, həm də dövlət qurumu yanında fəaliyyət göstərən İctimai şura vasitəsilə aktual və hər kəsi narahat edən məsələlərin birgə müzakirə edildiyini qeyd edən B.Muradova bildirib ki, qərarların qəbul edilməsi zamanı ictimaiyyətdən gələn fikirlər də nəzərə alınır: “Artıq QHT-lər daha çox dövlət, ictimaiyyət və insan həyatına nüfuz edən layihələrə imza atırlar. Biz Dövlət Komitəsi olaraq bu əməkdaşlıqdan faydalı nəticələr gözləyirik”.

Hazırda baş tutan konfransın CEDAW Komitəsinin 82-ci sessiyasında 6-cı dövri hesabatının dinlənilməsindən sonrakı prosesə həsr olunduğunu vurğulayan sədr bildirib ki, Azərbaycan hökumətinin ötən 7 il ərzində gördüyü işin müzakirəsi olan bu dinləmədə nümayəndə heyəti tərəfindən suallara qaneedici cavablar verilmiş, həmçinin bundan öncəki müzakirənin nəticələri olan tövsiyələrin yerinə yetirilməsi ilə bağlı atılan addımlarla bağlı fikirlər səsləndirilmişdir. Azərbaycan dövlətinin bu istiqamətdə həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də mexanizmlərin effektivliyinin artırılması istiqamətindəki səylərinin, eyni zamanda bəzi çatışmazlıqların da mövcud olduğu vurğulanmışdır: “Müzakirə kifayət qədər demokratik, bir-birinə qarşılıqlı hörmət əsasında, konstruktiv məcrada keçdi. Yekun hesabata əsasən Azərbaycanın 6-cı dövri hesabatı birmənalı şəkildə müsbət oldu və bu sahədə həm şifahi həm yazılı cavabları yüksək qiymətləndirildi. Çoxprofilli nümayəndə heyəti ilə təqdim olunması isə xüsusi vurğalandı”- deyə o çıxışına əlavə edib.

Dayanıqlı inkişaf məqsədləri ilə bağlı Azərbaycanın əldə etdiyi nailiyyətlərin də iclasda qeyd edildiyini diqqətə çatdıran B. Muradova əlavə edib ki, bu istiqamətdə Azərbaycan BMT komitələri arasında könüllü hesabat verən və ciddi işlərə söykənən, dinamik inkişafı özündə əks etdirən fəaliyyətə yönələn hesabat verməklə seçilən ölkədir. Eyni zamanda Parlamentin ötən müddətdə qanunverici əsasda kifayət qədər dəyişikliklərə imza atdığı bildirildi. B. Muradova diqqətə çatdırıb ki, yeni tövsiyələri icra etmək, geniş şəkildə təbliğatını və təşviqatını aparmaq, daha sonra da onun icrası prosesinə hər kəsi cəlb etmək istiqamətində Azərbaycanda fəaliyyət göstərən bütün təbəqələrin iştirakçılığını təmin etmək mühüm məsələdir.