İyulun 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib. “Yeni Azərbaycan”nın xəbərinə görə, Dövlət Komitəsinin sədri Bahar Muradova əvvəlcə 2022-ci ilin birinci yarımili üzrə qurumun hesabatı barədə geniş məlumat verib. O, bildirib ki, 2022-ci ilin birinci yarımilində Komitə tərəfindən 5 qanun layihəsi üzrə rəy və təkliflər verilib: “Bunlar qəbul ediləcəyi təqdirdə Komitənin işinə müsbət təsirini göstərəcək”.

B.Muradova Azərbaycanda Ailə Strategiyasının hazırlanması istiqamətində işlərin görüldüyünü qeyd edib: “Biz Ailə Strategiyasının hazırlanması prosesinə qədəm qoymuşuq. Həmçinin, uşaq hüquqlarının qorunması ilə bağlı da gərgin iş görülüb. Görülən işlər nəticəsində 4 erkən nigahın qarşısı alınıb”.

Komitə sədri qeyd edib ki, könüllülük və tələbə təcrübə proqramına da töhfələri verilir: “Onlara 3 ay ərzində 7 təlim keçirilib. Bu müddət ərzində 21 QHT ilə 31 tədbir keçirilib. Hesabat dövrü ərzində KİV tərəfindən Komitəyə daxil olan 180 müraciət yerindəcə araşdırılıb. Beynəlxalq fəaliyyət sahəsində də üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışmışıq”.

Komitə sədri bildirib ki, sosial şəbəkələr vasitəsilə daxil olan 64 müraciət nəzarətə götürülüb: “Bu müraciətlərdən 14-ü məişət zorakılığı, 12-si müalicə və əməliyyat, 7-si erkən nikah, 7-si işlə təmin olunma, 6-sı zorakılıq halları, 4-ü maddi köməklik, 2-si intihar faktı, 12-si isə digər müraciətlərdir. Bundan başqa, Ağdam və Goranboy icmalarında “Postmüharibə dövründə uşaqlar və şəhid ailələrinə dəstək” layihəsi  keçirilib. Bu layihə çərçivəsində 6-16 yaşlı 100 uşağa, 55 şəhid və qazi ailəsinə psixoloji-sosial dəstək göstərilib”.

B.Muradova bu ilin ikinci yarısında görüləcək işlərdən də danışıb: “Gələn 6 aylıq dövr ərzində Komitənin fəaliyyət istiqamətləri genişləndiriləcək. Müharibənin nəticələrindən əziyyət çəkən həssas qruplarla işlər davam etdiriləcək. Müvafiq sahədə maarifləndirici tədbirlər artırılacaq. Eyni zamanda ailə, qadın və uşaq məsələləri ilə bağlı yerli icmalar da daxil olmaqla respublikanın müxtəlif yerlərində əhali və xüsusi ilə də yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, həmçinin bu sahələrdə çalışan mütəxəssislər üçün təlim və seminarların təşkili nəzərdə tutulur. Bundan başqa, Komitə aidiyyəti sahələr üzrə 8 analitik təhlil, araşdırma və sorğunun həyata keçirilməsi, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan işlərin yerinə yetirilməsini planlaşdırır”.

Komitə sədrinin sözlərinə görə, keçən 6 ay ərzində media ilə əməkdaşlıq da yüksək səviyyədə qurulub: “Komitə Medianın İnkişafı Agentliyi ilə birgə 25 jurnalistin iştirakı ilə “Mediada gender bərabərliyi və peşəkarlıq” mövzusunda 2 günlük təlim keçirib”.

Daha sonra Komitənin əsas fəaliyyət istiqamətləri üzrə 2022-ci il üçün nəzərdə tutulan və görüləcək işləri diqqətə çatdırıb.

İctimai şuranın sədri, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Komitənin qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının təqdirəlayiq olduğunu qeyd edərək, cari ilin ötən 6 ayı ərzində müxtəlif istiqamətlərdə əhəmiyyətli tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O, xüsusilə də əsasnaməsinə uyğun olaraq, eləcə də dövlət proqramlarının icrası istiqamətində Komitə tərəfindən müvafiq işlərin görüldüyünü, məlumatlandırma və maarifləndirmə, eləcə də dəstək proqramlarının icra edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, əmək bazarında qadınların təmsilçiliyi, monitorinq və aliment məsələləri istiqamətində təkliflərini səsləndirmişdir.

Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin (CEDAW) 82-ci sessiyasında Konvensiya üzrə 6-cı dövri hesabatın yekun nəticələri barədə çıxış edərək bildirib ki, CEDAW Komitəsinin ekspertləri Azərbaycan Hökumətinin gender bərabərliyinin təminatı və qadınların səlahiyyətləndirilməsinə dəstək proqramlarını yüksək qiymətləndiriblər. Sual-cavab sessiyası zamanı ekspertlər ölkədə qadınların siyasi və ictimai həyatda iştirakçılığının artırılması üzrə tədbirləri, kənd qadınlarına göstərilən dəstək xidmətlərini, insan alveri, məişət zorakılığı ilə mübarizəyə dair milli fəaliyyət planlarını, eləcə də cins əsaslı seçimin qarşısının alınmasına dair qəbul edilmiş tədbirlər planını xüsusi olaraq qeyd ediblər.

Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova “BMT-nin Uşaq hüquqları Komitəsinə (CRC) təqdim ediləcək hesabata hazırlıq işləri barədə məlumat verərək bildirib ki, Azərbaycan Hökumətinin beşinci və altıncı dövri məruzəsinin dinlənilməsi gələn ilin yanvar-fevral ayında nəzərdə tutulmuşdur. O, qeyd edib ki, bununla bağlı hazırlıq işləri davam etdirilir. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına dair Azərbaycan Hökumətinin beşinci və altıncı dövri məruzəsi 2018-ci ildə hazırlanaraq təqdim edilmişdir. Ünvanlanan əlavə suallar müvafiq dövlət qurumları həmçinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin də cavabları əsasında hazırlanmış və ümumiləşdirilərək Komitəyə təqdim edilməsi üçün 13 may 2022-ci il tarixində Xarici İşlər Nazirliyinə göndərilmişdir.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyası tərəfindən kollegiya iclasının gündəliyindəki mövzular üzrə qərarlar qəbul edilib.

İclasda cari ilin yanvar-iyun ayları ərzində görülmüş işlər barədə məruzələr və təkliflər dinlənilib. Dövlət Komitəsinin sədr müavinləri Sədaqət Qəhrəmanova, Aynur Sofiyeva, aparat rəhbəri Ceyran Rəhmətullayeva, İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova çıxış edərək, ailə, qadın və uşaq məsələləri istiqamətində, eləcə də məişət zorakılığı və digər mənfi hallar ilə mübarizə məqsədilə qarşıda duran vəzifələrin icrası ilə bağlı fikirlərini bölüşüblər.

Ardınca İctimai şuranın üzvləri Mehriban Zeynalova və Kəmalə Aşumova Komitənin fəaliyyət istiqamətləri, eləcə də əməkdaşlığın daha da inkişaf etdirilməsi, qurumlar arasında koordinasiyalı işin təşkili ilə əlaqədar fikir və təkliflərini səsləndiriblər.

Bahar Muradova yekun nitqi ilə çıxış edərək, iclas iştirakçılarına təşəkkürünü bildirib və Komitənin 2022-ci ilin növbəti yarımili ərzində də genişmiqyaslı tədbirlərin davam etdiriləcəyini bildirib və Komitənin gələcək fəaliyyəti ilə bağlı tapşırıqları diqqətə çatdırıb.