Yay istisi ürəyə ciddi yük yarada bilər. Mütəxəssislər xüsusilə ürək-damar xəstəlikləri olan şəxsləri yüksək temperaturda daha diqqətli olmağa çağırır.

QHT.az xarici mediaya istinadən bildirir ki, Koşuyolu Ürək Xəstəxanasının kardiologiya mütəxəssisi Doç. Dr. Serdar Demir bildirib ki, isti havada damarların genişlənməsi arterial təzyiqin düşməsinə səbəb olur. Ürək isə bu vəziyyəti kompensasiya etmək üçün daha sürətli işləyir. Güclü tərləmə nəticəsində yaranan mineral itkisi də təhlükəli ürək ritm pozğunluqlarını tətikləyə bilər.

Həkimin sözlərinə görə, maye itkisi qanın qatılaşmasına və damar daxilində laxtalanma riskinin artmasına, susuzlaşma isə böyrək funksiyalarının pozulmasına və ürək çatışmazlığının ağırlaşmasına səbəb ola bilər.

Mütəxəssis sinədə sıxılma, nəfəs darlığı, qeyri-adi ürəkdöyünmə, güclü başgicəllənmə və ya göz qaralması kimi əlamətlərin “istidəndir” deyə gözardı edilməməli olduğunu vurğulayıb.

Həkim həmçinin isti bayılması ilə isti vurmasını fərqləndirməyin vacib olduğunu bildirib. İsti bayılmasında insan qısa müddət huşunu itirdikdən sonra tez toparlana bilər. İsti vurması isə həyati təhlükəli vəziyyətdir – bədən temperaturu 40°C-dən yuxarı qalxa, tərləmə dayana, dəri isti və quru ola, şüur bulanıqlaşa bilər. Belə hallarda təcili tibbi yardım göstərilməlidir.