Yay aylarında sərinləşdirici xüsusiyyəti ilə tez-tez istehlak edilən qarpızın həddindən artıq yeyilməsi bəzi sağlamlıq problemlərinə səbəb ola bilər.

QHT.az xarici mediaya istinadən bildirir ki,  Medical Park Ataşehir Xəstəxanasının dietoloqu Şevval İşıklı qarpızın təxminən 90-92 faizinin sudan ibarət olduğunu bildirib. Onun sözlərinə görə, qarpız C vitamini, beta-karoten, kalium və antioksidant xüsusiyyətə malik likopenlə zəngindir.

Mütəxəssis sağlam yetkinlər üçün gündə 1-2 porsiya qarpızın kifayət etdiyini qeyd edib. Bir porsiyanın təxminən 150-200 qram olduğunu bildirən İşıklı, qarpızın yüksək su tərkibinə görə nəzarətsiz şəkildə istehlak edilməsinin doğru olmadığını vurğulayıb.

Dietoloqun sözlərinə görə, həddindən artıq qarpız istehlakı qan şəkərinin sürətlə yüksəlməsinə, şişkinlik, qaz, mədə narahatlığı və ishala səbəb ola bilər.

İşıklı qarpızın tək yeyildikdə uzunmüddətli toxluq yaratmadığını da bildirib. Onun sözlərinə görə, qarpızı qatıq, kefir, pendir, badam və ya qoz kimi zülal və sağlam yağ mənbələri ilə birlikdə istehlak etmək daha uzunmüddətli toxluq hissi yarada və qan şəkərinin daha sabit qalmasına kömək edə bilər.