Lisenziyasız tibbi fəaliyyət göstərilməsi və tibbi xidmət qaydalarının pozulması məsuliyyət yarada bilər.

Əmək hüquqları üzrə ekspert Sahib Məmmədov QHT.az-a açıqlamasında bildirib ki, bu hallarda həm inzibati, həm də müəyyən hallarda cinayət məsuliyyəti nəzərdə tutulur.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsində lisenziyasız tibbi fəaliyyət göstərilməsinə görə fiziki və hüquqi şəxslər üçün cərimələr müəyyən edilib.

Ekspert qeyd edib ki, göstərilən tibbi xidmət nəticəsində ağır fəsadlar yarandıqda, xüsusilə də ehtiyatsızlıqdan ölüm baş verdikdə, məsələ cinayət məsuliyyətinə qədər gedib çıxa bilər. Belə hallarda qanunvericiliklə azadlıqdan məhrumetmə və digər cəzalar nəzərdə tutulur.

S.Məmmədov təəssüflə vurğulayıb ki, praktikada bəzi insanlar xidmətlərin daha ucuz olması səbəbindən kosmetik və tibbi prosedurları müvafiq ixtisası və lisenziyası olmayan şəxslərə həvalə edirlər:

“Praktikada insanlar ucuz olsun deyə gedib bu kosmetik əməliyyatları kimə gəldi etdirirlər. Şəkilləndirmə və digər prosedurlar adı altında belə xidmətlər göstərilir. Ona görə də belə bədbəxt hadisələr baş verir”.