28 oktyabr tarixində Bərdə şəhəri Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Ermənistanın Vətən Müharibəsi zamanı Bərdə şəhərində törətdiyi terror hadisələrinin ildönümü ilə bağlı “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfrans keçirilib.
QHT.az xəbər verir ki, konfransa açılış nitqi ilə başlayan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Bərdə terrorunun ikinci ildönümü ərəfəsində konfransın təşkil edilməsinin əhəmiyyətindən danışıb, Ermənistanın döyüş meydanında yaşadığı məğlubiyyətin əvəzində mülki əhaliyə və infrastruktura vurduğu ziyanın hərbi cinayətkarlığın və barbarlığın göstəricisi olduğunu qeyd edib.
A.Əliyeva bildirib ki, qeyri-hökumət təşkilatlarının Ermənistanın azərbaycanlılara qarşı qadağan olunmuş silahdan istifadə etməsinə dair açıqlamaları, etirafları işğalçı ölkənin bütün dünya qarşısında vəhşiliyini, insanlıqdan kənar mübarizəsini bir daha isbatladı.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bərdə terroru sonrası xalqa, Bərdə camaatına başsağlığı verərək əmin etdi ki, düşməndən layiqli qisas alınacaq, bu qan yerdə qalmayacaq. Bu söz, müzəffər sərkərdənin verdiyi vəd idi. Və bu şərəfli vədin ardınca 44 gün davam edən şanlı savaşın uğurları sıralandı.












