2019-cu ilin 1 noyabr tarixindən bu günə qədər 862 uşaq övladlığa verilib.

Mövzu ilə bağlı "Ailələrə Sosial Dəstək" İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az-a açıqlama verib.

E.Rəhimovanın sözlərinə görə, ailə mühiti uşaqların formalaşmasında əsas rol oynayır: "Ailə insanı ən yaxşı mühafizə edən sığınacaqdır. Valideyn və övlad münasibətləri qanuni və ya övladlığa götürmə əsasında yaranır. Bu münasibətlər hüquqi müstəvidə Azərbaycan qanunvericiliyində həm ailə, həm uşaq, həm də övladlığa götürmə hüquqları baxımından tənzimlənir. 2019-cu ilin noyabrından etibarən 800-dən çox uşağın Sosial Xidmətlər Agentliyi vasitəsilə övladlığa verilməsi, uşaqların internat müəssisələrindən çıxaraq ailə mühitində böyüməsi və sosiallaşması üçün müsbət, ciddi nəzarət mexanizmli bir addımdır. Bu, uşaqlara sevgi dolu mühit təmin edərək sağlam psixologiya, təhsil və cəmiyyətə daha yaxşı inteqrasiya olunmuş gələcək vəd edir".

Esmira Rəhimova bildirib ki, ailə əsaslı qayğı uşaqların inkişafına müsbət təsir göstərir: "Ailə mühiti uşaqların emosional və psixoloji ehtiyaclarını qarşılayır, bu da onların özünəinamlı və sağlam fərdlər kimi yetişməsinə kömək edir. Fərdi qayğı, institusional qayğıdan ailə əsaslı qayğıya keçidi sürətləndirərək cəmiyyətdə məsuliyyətli valideynlik və uşaq hüquqları barədə maariflənməni artırır. Uşaqların cəmiyyətə faydalı üzvlər kimi inteqrasiyası cinayətkarlıq və sosial riskləri azaldır".

Sədr vurğulayıb ki, övladlığa götürmə prosesində nəzarət mexanizmləri vacibdir: "Övladlığa götürmənin müasir qaydalarla (monitorinqlər) həyata keçirilməsi, uşaqların etibarlı əllərdə olmasını təmin edir, bu da inamı artırır. Bu tendensiya, uşaqların dövlət müəssisələrində yox, ailə qayğısında böyüməsini təmin edir".

E.Rəhimova qeyd edib ki, valideyn-övlad münasibətləri sevgi və hörmət üzərində qurulmalıdır: "Ailə həyatının əsas sütunlarından biri olan valideyn və övlad münasibətləridir. Bu qarşılıqlı hörmət və anlayış, sevgi və qayğı üzərində qurulmalıdır. Çünki, bu münasibət uşağın psixoloji, emosional və sosial inkişafında böyük rol oynayır. Belə bir deyim var “Uşaq, dünyanın ən böyük səadətidir. Uşaqları sevən həyatı da sevər”.

Esmira Rəhimova bildirib ki, övladlığa götürən ailələr böyük məsuliyyət daşıyır: "Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək övladliğa götürən ailənin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəlib".

Sədr diqqətə çatdırıb ki, hər bir uşağın ailədə böyümək hüququ var: "Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla onlarla birgə yaşamaq, övladliğa götürən ailə tərəfindən tərbiyə olunaraq, hərtərəfli inkişafı etmək hüququna malikdir. Bəli, uşaqlar övladliğa götürən ailənin sevgisini hiss etdikdə özlərini güvənli və dəyərli hiss edirlər. Bu onların özgüvəninin inkişafına və sosial münasibətlərdə daha uğurlu olmasına kömək edən başlıca amildir".

E.Rəhimova əlavə edib ki, valideyn məsuliyyəti qanunla tənzimlənir: "Qanunvericiliyə və milli dəyərlərimizə əsasən hər bir övladliğa götürən ailənin uşaqların qayğısına qalmağa və onları tərbiyə etməyə borcludur. Bu borcun yerinəyetirilməməsi isə övladlığa götürən ailənin hüquqlarından məhrumetmə ilə nəticələnir".

Esmira Rəhimova vurğulayıb ki, uşaqların sağlam inkişafı əsas prioritetdir: "Övladliğa götürən ailənin hüquqlarını həyata keçirərkən isə onlar heç vaxt uşaqların mənəvi inkişafina, fiziki və psixi sağlamlıqlarına xələl yetirməməlidirlər. Bu sadalananlar qanunun tələbidir. Mənəviyyatın və əxlaqın tələbi isə daha da dərindir".

Sədr bildirib ki, sevgi və ünsiyyət uşağın inkişafında həlledici rol oynayır: "Kifayət qədər sevgi görməyən, təmas etməyən və ünsiyyət qurmayan uşaqların fizioloji olaraq da inkişafdan qaldığı artıq elmə də məlumdur. Yəni, uşaqların bədəni və ruhu sevildiyini və güvəndə olduğunu hiss etdikdə inkişaf edir. Yəni onların ruhunun və bədəninin formalaşması və tənəzzülü duyğularla əlaqəlidir".

E.Rəhimova sonda çağırış edib ki, uşaqlara sevgi göstərmək vacibdir: "Gəlin övladlarımızı bu duyğudan məhrum etməyək".

Fatimə Nəbiyeva