Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyi 19 aprel tarixində fəaliyyətinin 4-cü ildönümünü qeyd edir. Bu tarix təkcə bir ildönümü deyil, dörd il ərzində görülən işlərin, qarşılaşılan çətinliklərin və minlərlə insanın həyatına toxunan fəaliyyətlərin göstəricisi kimi qiymətləndirilir.

QHT.az bildirir ki, bu müddət ərzində təşkilat küçə həyatına məruz qalan insanları aşkar edərək onlara ilkin dəstək göstərib, aztəminatlı ailələrə ərzaq və geyim yardımları edib, uşaqlar üçün təhsil və inkişaf imkanları yaradıb. Eyni zamanda məişət zorakılığı və sosial çətinlik yaşayan şəxslərə psixoloji və hüquqi dəstək təqdim olunub.

Qeyd edilir ki, fəaliyyət prosesi heç də asan olmayıb. Bəzi hallarda ehtiyac sahiblərinin sayı mövcud imkanları üstələyib, zəruri yardımların təmin olunması üçün əlavə resurslar axtarılıb. Buna baxmayaraq, birlik fəaliyyətini davam etdirərək ehtiyacı olan insanlara dəstək olmağa çalışıb.

Məlumata görə, təşkilatın rəhbərliyi bu illər ərzində şəxsi qazanc güdmədən, könüllü əsaslarla fəaliyyət göstərib. Birlik bu gün də eyni məqsədlə – ehtiyac içində olan insanlara dəstək olmaq və cəmiyyətdə sosial həmrəyliyi gücləndirmək istiqamətində işini davam etdirir.

Zəhra Ağayeva