Adlarını yazdırıb uzun müddət bağçaya gəlməyən uşaqların xaric olunması ilə bağlı müəyyən prosedurlar hazırlana bilər.

 

QHT.az  Axar.az -a istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

 

O bildirib ki, bununla bağlı normativ sənədlərə düzəliş etməklə həll yolu axtarılır:

 

"Yay aylarında bağçalara qəbul prosesi açılacaq. Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən elə uşaq bağçaları var ki, 300-ə yaxın valideynlər növbə gözləyir”.

 

Şöbə müdirinin sözlərinə görə, bu istiqamətdə monitorinq aparılır:

 

“Bu müddət ərzində davamiyyətə baxılıb. Bəzi hallarda belə məlumat daxil olur ki, növbədə gözləyənlər çoxdur, amma adları yazılanlar bağçaya gəlmir. Bağçalarda 75-85 % davamiyyət olur. Yerdə qalan uşaqlar mütəmadi bağçaya gəlmir. Ümumilikdə monitorinq nəticələrinə görə bəzi bağça müdirləri vəzifə öhdəliklərini düzgün yerinə yetirə bilmir. Bu səbəbdən çox sayda bağça müdiri işdən çıxarılıb".