Xəbərlər 09.07.2025 09:29 41

Ali təhsildə gender disbalansı: Ekspert xəbərdarlıq edir

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri və təhsil eksperti Əmrah Həsənli ali təhsildə artmaqda olan gender disbalansının gələcəkdə əmək bazarında ciddi struktur problemlərə səbəb ola biləcəyini bildirib.

QHT.az-a açıqlamasında o, bu tendensiyanın davamı halında ailə institutundan tutmuş peşə uyğunluğu və sosial adaptasiyaya qədər bir sıra sahələrdə gərginliklərin yaranacağını vurğulayıb:

"Ali təhsilli qadınların sayı artacaq, lakin onlarla sosial, mədəni və iqtisadi baxımdan eyni səviyyədə təhsil almış kişi kontingentinin azlığı ailədaxili münasibətlərdən tutmuş, peşə uyğunluğuna və sosial adaptasiyaya qədər bir sıra sahələrdə gərginliklər yarada bilər. Bu həm də gender balansının təhsil mühitində pozulması və kişi müəllimlərin, elm adamlarının, menecerlərin sayında azalma riskini doğurur. Çıxış yolları kimi, bir neçə mühüm istiqamətdə işlər görülə bilər. Əvvəla, oğlanların təhsildən yayınmasının səbəbləri konkret regionlar üzrə təhlil edilməli və ona uyğun hədəfli dəstək proqramları hazırlanmalıdır. Əmək bazarına erkən çıxan oğlanlar üçün qiyabi və çevik təhsil imkanları genişləndirilməli, peşə təhsili və ali təhsil arasında keçid yolları daha əlçatan edilməlidir. Hərbi xidmətdən qayıdan gənclərin təhsilə qayıdışını stimullaşdırmaq üçün xüsusi təbliğat və dəstək mexanizmləri qurulmalıdır. Digər tərəfdən, oğlan uşaqlarının məktəb dövründən etibarən təhsilə motivasiyasının artırılması üçün kişi müəllimlərin sayının artırılması, rolların düzgün bölüşdürülməsi və gender əsaslı psixoloji dəstək proqramlarının tətbiqi vacibdir".

Nəticə etibarilə, ekspert bu məsələnin yalnız təhsil sahəsinin deyil, həm də sosial siyasətin prioritet istiqaməti kimi qəbul edilməli olduğunu bildirib:

"Oğlanların təhsildən kənarda qalması gələcək nəsillərin inkişafına mənfi təsir göstərə biləcək ciddi bir siqnaldır və bu çağırışa cəmiyyətin bütün institutları cavab verməlidir".

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı