Xəbərlər 27.06.2025 12:35 43

Qlobal Cənub QHT Platforması Nyu-York və Bonndan sonra bu dəfə təmasları Londonda davam etdirib

Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi Ramil İskəndərli 2025-ci il iyunun 25-26-da Londonda “İqlim İnnovasiya Forumu - 2025”də iştirak edib. London İqlim Fəaliyyəti Təşkilatının təşəbbüsü ilə tarixi “Guildhall” Sarayında keçirilmiş Foruma dünyanın biznes, maliyyə, vətəndaş cəmiyyəti elitasından 2000 nəfərdən çox təmsilçi qatılıb. 
 

Toplantıda Böyük Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya üzrə dövlət katibi Ed Miliband, COP29 Prezidenti, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Braziliyanın ətraf mühit və iqlim dəyişmələri naziri Marina Silva, Böyük Britaniyanın iqlim üzrə xüsusi nümayəndəsi Reyçel Kayt, London meri Sadıq Xan, COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai və digər şəxslər çıxışlar edib. 
 

Forum çərçivəsində “Təbiətə müsbət yanaşma: təhlükəsiz və ədalətli gələcəyə keçid” adlı nəşrin təqdimatı da baş tutub. Təqdimat mərasimində Qlobal Cənub QHT Platformasının bu xüsusda fəaliyyəti diqqət mərkəzində olub. Müvəqqəti Baş katib Ramil İskəndərli deyib ki, “bu əsərin müəlliflərinin baxışı bizim baxışımızla üst-üstə düşür: bu hamı üçün ədalətli, inklüziv və davamlı gələcəyi təmin etmək baxışıdır. İqlim dəyişmələrinə ən çox məruz qalan Qlobal Cənub regionu təbiətə əsaslanan müsbət keçid prosesinin mərkəzində dayanmalıdır. Biz Qlobal Cənubda təbiətə əsaslanan həllər üçün genişmiqyaslı, inklüziv və riskləri azaldılmış ədalətli maliyyələşmənin təmin olunmasında maraqlıyıq. Platformamız iqlim fəaliyyətinə dair qərarlar zamanı Qlobal Cənubun vətəndaş cəmiyyəti təsisatlarının rəyinin gözardı edilməməsinə çağırır. Qlobal Cənub QHT Platforması bu işə töhfə verməkdə, dialoq məkanı olmaqda davam edəcək. Bu, iqlim maliyyəsinin ədalətli, ləyaqətlə və etimad prinsipləri əsasında bölüşdürülməsi deməkdir”. 
 

Xatırladaq ki, 2025-ci aprelin 28-də 116 ölkədən QHT-lərin iştirakı ilə Bakıda təsis edilmiş Qlobal Cənub QHT Platformasının ilk yan tədbiri iyunun 19-da Almaniyada keçirilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Orqanlarının 62-ci sessiyası (SB62) çərçivəsində Bonnda “Ədalətli dünya naminə birləşmək: bərabər iqlim həlləri üçün Cənub-Cənub həmrəyliyi və tərəfdaşlıqlarının gücləndirilməsi” adlı yan tədbirdə 32 ölkədən 47 QHT təmsilçisi, iqlim fəalları iştirak edib. 
 

Ramil İskəndərli deyib ki, Bonn müzakirələri zamanı götürülmüş qeydləri Qlobal Cənub QHT Platforması Londonda keçirilmiş “İqlim İnnovasiya Forumu - 2025”də səsləndirib. 
 

Son 2 ay ərzində Qlobal Cənub QHT Platformasının Nyu York, Bonn, London təmasları göstərir ki, bu Platforma Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərinin aradan qaldırılması, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək, etimad quruculuğu işinə töhfə vermək üçün əzmlə çalışır.
 

Qeyd edək ki, 2025-ci il mayın 29-da Nyu Yorkda BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC)) direktoru Dima Al-Khatib də Qlobal Cənub QHT Platformasının yaradılmasını alqışladığını bəyan edib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı