“Ümummilli Lider müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” – Masallıda tədbir
“Ümummilli Lider müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” – Masallıda tədbir
Masallı Dövlət Regional Kolleci və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov bildirib ki, konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır: “Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir...”
Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxışında qeyd edib ki, 1995-ci ildə Ulu öndər Heydər Əliyev başda olmaqla Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan xüsusi komissiya yaradılmış və Konstitusiya layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə verilmişdir: “5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olan yeni Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına geniş yer ayıran mükəmməl normativ-hüquqi sənəddir. Konstitusiyamız dünyanın ən demokratik prinsiplərini, insan haqlarını özündə ehtiva etməklə yanaşı, ölkəmizdə hüquqi dövlətin və insan azadlıqlarının qarantıdır.”
Vidadi Nəzərov, Baba Həsənov, Nazim Əliyev, Lətafət Ağakişizadə, Aydan Həsənova və başqaları Ümummilli Liderin hüquqi dövlət quruculuğu sahəsindəki müstəsna xidmətlərindən danışaraq, onun rəhbərliyi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasını dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində atılan ən böyük addımlardan biri olduğunu vurğulayıblar.
Tədbirdə konstitusiya və suverenliyimizi əks etdirən videoçarx nümayiş olunub.
Akif AĞAYEV