QHT-lər sosial yardımları necə dəstəkləyir? Elnurə Abuşovadan AÇIQLAMA
"Ailə və Uşaqlara Sosial Dəstək" İctimai Birliyinin rəhbəri Elnurə Abuşova QHT.az-a açıqlamasında təmənnasız xeyirxahlığın cəmiyyətin mənəvi sağlamlığını və sosial həmrəyliyini gücləndirən əsas amillərdən biri olduğunu bildirib. O, vurğulayıb ki, ehtiyacı olan ailələrə və uşaqlara mənəvi, psixoloji və sosial dəstək göstərmək təşkilatının əsas missiyalarından biridir.
Elnurə Abuşova bildirib ki, xeyriyyəçilik xüsusilə uşaqların təhsili, sağlamlığı və rifahı üçün mühüm rol oynayır. Bu, ailə institutunun möhkəmlənməsinə, sosial bərabərsizliyin azalmasına və insanlarda empatiya hissinin güclənməsinə töhfə verir. "Biz insanların qəlbində mərhəmət hissini artırmaq üçün əhalinin sıx olduğu yerlərdə maarifləndirici tədbirlər təşkil etməli və motivasiyaedici sosial çarxlar hazırlamalıyıq" – deyə o qeyd edib.
Təşkilat rəhbəri həmçinin sosial şəbəkələrdə dələduzluq hallarının artmasına toxunaraq, ehtiyacı olan insanların adından saxta kampaniyalar təşkil edildiyini və bunun cəmiyyətdə inamsızlıq yaratdığını bildirib. O, hər kəsi belə hallara qarşı mübarizə aparmağa və həqiqi ehtiyac sahiblərinə dəstək olmağa çağırıb.
Elnurə Abuşova vurğulayıb ki, ictimai birliklər təmənnasız yardımların davamlı olması üçün dövlət və özəl sektorun dəstəyini cəlb etməlidirlər. Bu istiqamətdə sosial təşəbbüslər, könüllülük proqramları və strateji layihələrin həyata keçirilməsi vacibdir. Sevindirici haldır ki, dövlət QHT sektoruna dəstək göstərir və vətəndaş cəmiyyətinin inkişafına töhfə verir.
O, həmçinin qeyd edib ki, xeyirxahlıq üçün xüsusi bir günün olması vacib deyil. "Əsas olan hər gün ehtiyacı olanlara dəstək vermək və bu dəyərləri praktik olaraq həyata keçirməkdir. Edilən müraciətlərə təmənnasız kömək etməklə, cəmiyyətin həqiqi ehtiyaclarına cavab verən dayanıqlı bir sosial mexanizm qurmalıyıq. Belə bir yanaşma, uzunmüddətli perspektivdə daha çox insanın rifahına töhfə verər və təşkilatımızın cəmiyyət üçün həqiqətən faydalı bir qurum olduğunu sübut edər. Yəni bizim üçün "Təmənnasız Xeyirxahlıq Günü" simvolik bir məna daşıya bilər, amma biz hər gün bu dəyərləri praktik olaraq həyata keçirməliyik" – deyə Elnurə Abuşova fikrini tamamlayıb.
Pərvanə Fərhadqızı
QHT.az