Xəbərlər 12.02.2025 13:38 131

Santorinidə zəlzələlər davam edir: Türkiyə sunamiyə hazırlaşır

Santorinidə zəlzələlərin bir neçə ay davam edəcəyi gözlənilir.

QHT.az xəbər verir ki, Yunanıstanın Santorini adasında çoxsaylı zəlzələlər davam edir . Təkcə fevralın 1-dən 10-dək burada 12800-dən çox təkan qeydə alınıb ki, onlardan ən güclüsü 5,3 bal gücündə olub. Yunanıstan Qızıl Xaç Cəmiyyəti zərər çəkmiş bölgənin sakinlərinə yardım göstərmək üçün xilasetmə qrupları, sosial işçilər və psixoloqlar göndərib. Onlar davam edən zəlzələlərdən stress keçirən yaşlılara, xroniki xəstələrə və uşaqlara psixoloji dəstəyə üstünlük verəcəklər. 

Yunan seysmoloqu Akis Tselentis hazırkı seysmik aktivliyin bir neçə ay davam edə biləcəyini proqnozlaşdırır. Analoji vəziyyət Kritdə də baş verib. Orada 6,0 bal gücündə zəlzələdən əvvəl dörd aylıq seysmik aktivlik müşahidə olunub. Alimlər zəlzələlərin Santorinidən 6,5 km aralıda yerləşən Kolumb sualtı vulkanı ilə bağlı ola biləcəyini ehtimal edirlər. 1650-ci ildə Kolumb püskürməsi piroklastik axınlar, sunamilər və qaz emissiyaları səbəbindən dağıntılara və insan itkilərinə səbəb oldu.

Türkiyənin professoru Şenol Hakan Kutoğlu Egey dənizində baş verən 8 bal gücündə zəlzələnin Türkiyə sahillərində 3-5 metr hündürlüyündə sunami dalğalarına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Bununla əlaqədar olaraq Türkiyə hakimiyyəti İzmir, Aydın və Muğlada sakinləri mümkün sunami barədə xəbərdar etmək üçün mobil sirenlər quraşdırıb. Ölkədə SMS xəbərdarlıq sistemi də işə salınıb.

 

R. İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı