MVA “Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərlə iş”i davam etdirir
Bu il Mingəçevir və Bərdədə 30 nəfər üçün 2 ay ərzində təlimlər nəzərdə tutulub.
QHT.az xəbər verir ki, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi ənənəsinə sadiq qalaraq, keçmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı tədbirlərini davam etdirir. Birlik 2025-ci il mayın 1-dən “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” Publik Hüquqi Şəxsin qrantı ilə “Böyük Qayıdışa hazırlaşan keçmiş köçkünlərlə iş” layihəsinə start verib.
Məqsəd uzun illərin həsrətindən sonra doğma yurdlarına dönəcək şəxslərin yeni sosial-iqtisadi mühitə inteqrasiyasını dəstəkləməkdir. Nəticədə onların məşğulluq imkanlarını artırmaq, İT bacarıqları kimi müasir dövrün tələblərinə uyğun peşə biliklərini inkişaf etdirmək imkanı yaranıb. Hazırda Azərbaycanda İT sektoru sürətlə inkişaf edir, lakin bu sahədə bacarıqlı kadrların çatışmazlığı müşahidə olunur. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə rəqəmsal biliklərə sahib işçi qüvvəsinin ümumi məşğulluq bazarındakı payı aşağıdır (təxminən 18-20%).
MVA İB-nın və layihənin rəhbəri Fərman Nəbiyevin açıqlamasına görə, keçmiş köçkünlərin bu sahəyə inteqrasiyası həm onların fərdi inkişafını təmin edəcək, həm də ölkə iqtisadiyyatına töhfə verəcək: “Təlimlərdə iştirak edənlərin ən azı 80%-nin şəxsi və peşəkar inkişafında müsbət dəyişikliklər müşahidə olunacaq. İT kurslarını uğurla bitirənlərin 50%-dən çoxu yeni iş yeri tapacaq və ya sərbəst layihələrdə iştirak etməyə başlayacaq. Nəticədə layihə keçmiş köçkünlərin bilik və bacarıqlarını artıracaq, onların yeni həyatlarına uğurla inteqrasiyasına yardım edəcək. Təlimlər həm də iştirakçıların sosial mühitdə özünəinam və fəallığına təsir göstərəcək. Onların gələcəkdə kiçik sahibkarlıq təşəbbüslərinə qoşulması, özlərini maliyyə baxımından təmin etmə qabiliyyətinə sahib olması da gözləniləndir”.
Layihə rəhbəri onu da əlavə edib ki, təlimlər Mingəçevir və Bərdədə 30 nəfər üçün 2 ay ərzində nəzərdə tutulub: “Benefisiarların seçimi zamanı gender balansını təmin etməyə çalşacağıq. Biz hətta maraqlıyıq ki, daha çox qadınlar qatılsınlar. Çünki ailədə savadlı qadının olması uşaqların gələcəyinə daha müsbət təsir edir. İyul ayının sonunda təlimləri uğurla başa vuranlara sertifikatlar veriləcək”.
“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci ildən bəri yerli və beynəlxalq donorların maliyyə dəstəyilə “Məcburi köçkün icmalarında yaşlılar və gənclər arasında qayıdış perspektivi ilə bağlı sorğu və dialoqların keçirilməsi”, “Məcburi köçkünlərin məşğulluq ehtiyaclarının araşdırılması”, “Birgəyaşayış ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması”, "Mingəçevir şəhərində məcburi köçkün icmalarının səfərbərliyi və bacarıqların artırılması", “Keçmiş köçkün valideynlərin “Böyük Qayıdış” üçün hazırlanması: Peşə bacarıqlarının artırılması” adlı layihələri icra edib.