Təhsil sahəsində iş qrafikləri dəyişdirilməlidirmi? Əliməmməd Nuriyevdən AÇIQLAMA
"Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Azərbaycanda təhsil sahəsindəki işçilərin və tələbələrin iş qrafiklərinin dəyişdirilməsinin zəruriliyini qeyd edib. O, həmçinin pandemiya dövründə tətbiq edilən məsafədən iş rejiminin effektivliyinə diqqət çəkərək, gələcəkdə bu yanaşmanın daha geniş tətbiqini təklif edib.
Əliməmməd Nuriyev bildirib ki, ölkədə 600 minə yaxın tələbə və şagirdin səhər saatlarında işə getməsi ilə dövlət qulluqçularının eyni vaxtda işə başlaması nəticəsində tıxacların meydana gəlməsi mümkündür. Buna görə də iş rejiminin dəyişdirilməsi və uyğun iş qrafiklərinin tətbiqi vacibdir. O, məsafədən işləmək praktikalarının daha çox iş yerində tətbiq edilməsi ilə həm işçilərin xərclərinin azaldılacağını, həm də dövlət orqanlarının infrastrukturundan daha səmərəli istifadə ediləcəyini vurğulayıb:
"Yaponiyada və Sinqapurda işçilərin hansı iş rejimində işləməsi onlarla razılaşdırılır. Yəni işçilər sərbəst olaraq iş saatlarını özləri seçə bilirlər. Bu da hesab edirəm ki, çox əhəmiyyətli bir metod ola bilər. Əlbəttə ki, bunlar hamısı qanunvericilikdə öz əksini tapmalıdır. Digər tərəfdən, başqa bir məsələ isə şəhərin mərkəzinə, ümumiyyətlə, şəhərdə taksi saatlarını və nəqliyyatın azalmasına təsir göstərən amillərdən biridir. Məsələn, Parisdə belə bir sistem var, Londonda da olub. Bir gün cüt nömrəli olan maşınlar, bir gün tək nömrəli olan maşınlar hərəkət edə bilər, bu da tıxacın azalmasına gətirir. Ən vacib məsələlərdən biri də əlavə infrastrukturun yaradılması ilə bağlı məsələlərdir. Əlbəttə ki, alternativ nəqliyyat vasitələrinin, məsələn, kiçik həcmli skuter istifadəsinin təşviq edilməsi vacibdir, xüsusilə də şəhər mərkəzlərində, yollarda genişlənmələr edilməsi. İctimai nəqliyyatdan geniş istifadənin təmin edilməsi üçün şərait yaradılmalıdır. Bütün bunlar, əlbəttə ki, Azərbaycan Prezidenti tərəfindən imzalanmış fəaliyyət planının uğurla həyata keçirilməsinə töhfələr verə bilər. Amma bütün hallarda bunlar hamısı geniş müzakirə olunmalıdır və razılaşdırılmalıdır. İctimai müzakirələr nəticəsində daha optimal həllər yolu tapmaq mümkün olacaqdır və düşünürəm ki, bütövlükdə bu, həm də milli variantın uğurla yerinə yetirilməsinə kömək edəcək."
Pərvanə Fərhadqızı