“Sivil vətəndaşlarımız hədəfə alınıb, bu, beynəlxalq hüquqa ziddir” – Pərvanə Vəliyeva
"Çalxanqala: qaçqınların qayıdış həsrəti" layihəsi çərçivəsində təqdim edilən "Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç" kitabının təqdimat mərasimində Milli Məclisin deputatı Pərvanə Vəliyeva çıxış edib.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva tarixdə bu günün ermənilər tərəfdən Bərdə şəhərinin mərkəzinə kasetli bombalarla qətliam olduğunu xatırladıb. Millət vəkili Azərbaycanın sivil vətəndaşlarının ballistik raketlərlə hədəfə alınmasının, insanların ölümü və yaralanması ilə nəticələnən hücumların beynəlxalq hüququn prinsip və normalarına zidd olduğunu vurğulayıb.
Pərvanə Vəliyeva Avropa Parlamentinin bəzi dairələrinin bu cinayətləri görməzdən gəldiyini və Ermənistanın törətdiyi müharibə cinayətlərinə qarşı beynəlxalq ədalət məhkəmələri qarşısında cavab verməli olduğunu bildirib. Deputat həmçinin Qərbi Azərbaycandan olan azərbaycanlıların öz doğma torpaqlarına ləyaqətlə və təhlükəsizlik şəraitində qayıtmaq hüququnu müdafiə edəcəyini, bu məsələlərin beynəlxalq arenada daha çox işıqlandırılması üçün fəaliyyətlərini artıracaqlarını qeyd edib.
Təqdim olunan kitabın əhəmiyyətini vurğulayan deputat, onun beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərinin yayılmasına töhfə verəcəyinə inandığını ifadə edib və kitabın ərsəyə gəlməsində əməyi olan Səməd Vəkilova təşəkkürünü bildirib.
Pərvanə Fərhadqızı