Professor Azərbaycan və İtaliya arasında yeni imkanlar, texnoloji əməkdaşlıqdan danışdı
Azərbaycan və İtaliya arasında mövcud iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, ölkəmizin ixrac məhsullarının əsas alıcılarındandır. Bu münasibətlərin daha da dərinləşdirilməsi və yeni istiqamətlər üzrə inkişafı, xüsusən də texnoloji sahədə əməkdaşlıq, Azərbaycanın iqtisadi inkişafına yeni imkanlar aça bilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın rəhbəri, professor Elşad Məmmədov QHT.az-a verdiyi açıqlamada, iki ölkə arasında texnoloji əməkdaşlığın vacibliyini vurğulayaraq, bunun Azərbaycanın iqtisadi inkişafına göstərə biləcəyi müsbət təsirlərdən bəhs edib. Professor qeyd edib ki, İtaliya ilə əməkdaşlıq Azərbaycan iqtisadiyyatının texnoloji tutumunu artırmaq üçün böyük imkanlar yaradır:
"İtaliya yüksək texnoloji tutumlu iqtisadi sistemə malikdir və bu baxımdan, texnologiyaların Azərbaycana idxalı qarşılıqlı ticarət münasibətlərini tarazlaşdırmaqda mühüm rol oynaya bilər. Azərbaycanın İtaliyaya neft və qaz ixracından əldə etdiyi valyuta daxilolmaları İtaliyadan texnologiyaların ixracına yönəldilərsə, iki ölkə arasındakı iqtisadi münasibətlər daha da güclənəcək və Azərbaycanın iqtisadiyyatına böyük fayda verəcək".
Pəranə Fərhadqızı
QHT.az