Xəbərlər 03.10.2023 01:11 2158

Milli Qəhrəman Əliyar Əliyevin bu gün anım günüdür

Qubadlıda ermənilərə qarşı vuruşan "Pəhləvanlar taboru"nun komandiri, dəstəsi ilə bir gündə düşmənin üç hərbi helikopterini məhv edən, Laçının çoxlu kəndlərini işğaldan azad edən Milli Qəhrəman Əliyar Əliyevin bu gün anım günüdür.
QHT.az xəbər verir ki, Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Qarabağ müharibəsi başlayanda o könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilir.
1988-ci ilin fevral ayında Xankəndidəki ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiyası başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Sisiyandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir edilən azərbaycanlıların bir qismini qubadlılılar qəbul etdilər. Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları burada terror-təxribatlar törətməyə çalışırdılar. Məhz elə o illərdə Qubadlıda xalq hərəkatının başçısı, demokratik qüvvələrin rəhbəri kimi tanınan Əliyar Əliyev könüllülərdən ibarət dəst təşkil edir.Onun təşkil etdiyi tabor camaat arasında "Pəhləvanlar taboru" kimi da tanınırdı. Çünki könüllülərin əksəriyyəti onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət idi. Lakin o, təvazökarlıq göstərib komandir olmur. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunur. Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib, 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.
1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoyub. Onun rəhbərlik etdiyi alayın topçuları Xocalı soyqırımından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirmiş, Moskva və İrəvan KİV-ləri bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilmişdi, İrəvanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və onun 3 döyüşçüsünə ölüm hökmü çıxarılıb.
1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olmuşdu.1992-ci ilin avqust ayında həyata keçirilən "Şurnuxu" əməliyyatında iştirak edib.Qarabağ müharibəsi qazisi Sadiq Paşayevin sözlərinə görə, Azərbaycan əsgərləri iki rayonun arasındakı yolu kəsib, əlaqəyə girmələrinə mane olurduq. Orada ermənilərin 100 nəfərdən çox canlı qüvvəsi toplanmışdı. O, son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına şəhid olublar.O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.
Qeyd edək ki, Qubadlını işğaldan azad edən və şəhərə ilk girən hərbçilər arasında Milli Qəhrəman Əliyar Əliyevin oğlu Emin Əliyev də olub.
Ruhun şad olsun, Qəhrəman!

 

Pərvanə Fərhadqızı
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı