Xəbərlər 15.05.2023 00:12 4705

Media zorakılığı təbliğ edir, yoxsa onunla mübarizə aparır?

Cəmiyyət: “ Döyülən və ölənin günahı özündədir”
Qanun: “Yarımçıq olsam da varam, başınızın çarəsinə özünüz baxın”
Polis: “Kişi arvadını sevər də, döyər də, mehriban olun”
Media: “Zorakılığı işıqlandırmağa həmişə hazıram, yaxşı oxunur (baxılır)”

 

Tanış gəlirmi? Bəli, bu məişət zorakılığı zamanı formalaşmış və hələ də hökm sürən ümumi bizim münasibətlərdir. Əslində bütün problemlər elə bu yalnış və problemli baxış bucağının yaratdığı fəsadlardan irəli gəlir. llərdir, stereotiplərlə yoğrulmuş mühiti dəyişmək uğrunda işlər görülür, amma effektivlik azdır.


 Qəhrəmanım Dilarə (şərti ad) 2010-cu ildə ailə qurub, yaxın qohumu ilə  izdivacından iki övladı var. Uzun müddət həyat yoldaşının fiziki və psixoloji zorakılığına məruz qalan Dilarə söhbətə qadınların klassik deyimi  “ərim əvvəllər belə deyildi, sonradan dəyişdi” ilə başlayır:
 

 “Ailə həyatımızın ilk illərində ərimlə heç bir problemimiz olmayıb, çoxu kimi kiçik mübahisələrsiz də ötüşməmişik. İkinci övladım da qız olduqdan sonra yoldaşımın mənə münasibəti dəyişdi, dilinə gətirməsə də, mənə dəstəyini xeyli azaltdı. Axı kişilər çox vaxt oğul arzusunda olur. Əvvəl fikir vermirdim. Get-gedə kobud davranışları, yersiz danlamaları, hamı içində pərt etməsi, saymaması məni üzürdü. Axşamlar evə gec gəlməsi səbəbindən ciddi mübahisələrimiz başlamışdı, məni ardıcıl bir neçə dəfə uşaqların gözü qarşısında döyürdü. Bu hal dəfələrlə təkrarlandı, nə edəcəyimi bilmirdim. Atam çoxdan vəfat edib, anama vəziyyəti deməli oldum. İlk vaxtlar, anam səbrli olmağımı istədi, yoldaşımla dil tapmağa çalışdı. Yoldaşıma boşanmaq istəyimi bildirəndə, “öldürərəm səni” dedi. Anama yalvardım ki, mənim də ölüm xəbərimi saytlardan oxumaq istəmirsənsə, dəstək ol. Vəkil tapdıq, bizə vaxt verildi, yenə də ümidli idim, bəlkə yoldaşım dəyişə, təəssüf ki, onun valideynləri də ailəmizi qurtarmağa çalışmadı. Yoldaşımın soyuq, hədəli və zorakı davranışı davam edirdi, biz ayrıldıq. Mən rayona uşaqlarımla anamın yanına qayıtdım”, Dilarə bildirib. 
Bəzən zorakılıq qurbanı və ya zərərçəkənə ailəsi dəstək verəndə, qadının ailəsi “ailədağıdan” damğasını alır. Halbuki, bu günə qədər ailəsinin anlayış göstərmədiyi onlarla qadının ər evindən meyiti çıxıb. Bu mənada qəhrəmanım Dilarə bəlkə də şanslıdır. Dilarə ali təhsillidir, demək zorakılığa hər qadın məruz qala bilər.

 

”Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda göstərilir ki,  zorakılıq qurbanının dövlət hesabına tibbi, psixolji dəstək almaq, müvəqqəti sığınacaqla təmin olunmaq, mühafizə orderi almaq hüququ var. 
Qanun şahdır, amma indiki qanun şahlıq edə bilmir.

 


Mövcud qanun hələ də məişət zorakılığı qurbanı və zərərçəkəni tam müdafiə etməkdə acizdir.


 

 “Təmiz Dünya”  Qadınlara Dəstək İB-nin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, məlum qanunda nəzərdə tutulmuş mühafizə orderini təqdim edərkən, qərar polisdən əlavə, psixoloqa da göndərilməlidir. “Psixoloq rəy də versin ki, bu adamın ailəyə qayıdışı təhlükəlidir, ya yox. Qısa müddətli mühafizə orderinin təsirli olması üçün bu modelin tətbiqi vacibdir.”
Ekspert hesab edir ki, bir qanunun ki, normal müdafiə mexanizmi yoxdur, nəyə gərəkdir. “2020-2023 -cü illər üzrə Milli Fəaliyyət Planının “2.2.5. bəndində məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli müdafiəsi sisteminin formalaşdırılması nəzərdə tutulub. Qanunun təkmilləşməsi ilə bağlı daim təkliflər veririk, baxan yoxdur. Biz bilmirik ki, zərərçəkmişi müdafiə edək yoxsa, ərlərin şər -böhtanından özümüzü qoruyaq”, M. Zeynalova  vurğulayıb.

 

Məsələyə aydınlıq gətirən vəkil Abil Bayramov mövcud qanunun zəifliyi ilə yanaşı hüquq mühafizə sistemində istintaq və təhqiqatçı qadının cüzi olduğunu bildirib. “Bu sahədə 3700-dən çox xanım işləsə də, onlardan yalnız  4-ü müstəntiq, 3-ü təhqiqatçıdır. Polis qadın sayının artırılması vacibdir. Digər məsələ, mühafizə orderi ancaq paytaxtı əhatə edir. Qoruma orderinə polis və məhkəmə qərar verməlidir, icra hakimiyyəti yox. Ailəni barışdırmaq təcrübəsinə həssaslıqla yanaşmaq lazımdır. Mediasiya qərarlarında risk qiymətləndirilməsi aparılması vacibdir”, vəkil əlavə edib.  
 

 

Rəsmi statistikaya görə, 2021-ci ilin 9 ayı ərzində zorakılıq qurbanalarına 73, 2022-ci ildə isə 168 mühafizə orderi verilib. Ötən il gender əsaslı məişət zorakılığı “860 qaynar xətti”nə  müraciətin 475-i qadınlar, 20-si kişi, qalanı uşaqlar tərəfindən ünvanlanıb. 407 müraciət psixoloji zorakılıqla bağlı olub ki, bu zorakılıq da gözəğörünməz və sübutu asan olmayan zorakılıqdır və ən geniş yayılanıdır.


 


Media zorakılıqla mübarizə aparır, yoxsa ona dəstək verir?


 Mövcud media məişət zorakılığı və qətl xəbərlərinə sanki o qədər maraqlıdır ki, bəzən oxunaqlı olsun deyə, qeyri-peşəkarlıqdan uzaq ona bəzək-düzək vurmağı da sevir.  Təəssüf ki, bəzi jurnalistlər zorakılığa  dəstək verdiklərinin fərqində belə deyillər.
TV kanallarının məlum ailə problemi üzərində yaratdığı şouların qəhrəmanları demək olar ki, qadın, qızlardır. Hansı ki, çox halda qonaq ekspertlər də danlamaqla, qamçılamaqla həmin  zərərçəkənlərə psixoloji zorakılıq tətbiq edirlər.


Mediadan seçilmiş bir neçə xəbər başlığına nəzər salaq: 

 

 

Jurnalistlərin Həmkarlar İttifaqının sədri  Müşfiq Ələsgərlinin fikrincə, ölkədə KİV subyektləri kəmiyyətcə çoxdur deyə, bu məsələdə də yanaşmada rəngarənglik var.
“Məişət zorakılığı və gender məsələsində medianın peşəkar və qeyri-peşəkar münasibəti görünür.  Təəssüf ki, çoxluqla məişət zorakılığı və gender məsələlərində məqsəd IP yığmağa, sensasiya yaratmağa, diqqəti cəlb etməyə yönəlir. Bu məsələdə media orqanlarının birmənalı təqsirləndirilməsinin də əleyhinəyəm. Müvafiq media ilə bağlı qanunvericilikdə , etik kodeksdə bəzi məqamlar qeyd olunsa da, təəssüf ki, jurnalistlərin təlimatlandırılması, onların peşəkarlığının artırılması üçün lazım olan vəsaitlər, çap məhsulları cüzidir və ya yoxdur.

 

Doğrudur, təlimlər, tədbirlər keçirilir, amma effektivlik azdır. Səbəb odur ki, ölkədə media eksperti, hansısa sahələr üzrə təlimçi qıtlığı var. Bəzən jurnalistlərə təlim keçənin özü qanunvericiliyi bilmir və ya yalnış bildiyindən başqa fikirlər formalaşdırır”, M.Ələsgərli vurğulayıb.
 

Beynəlxalq inkişaf layihələri və gender məsələləri üzrə mütəxəssis Fidan Qasımova mövzuya belə açıqlıq gətirib: 

“Mediada qadınlara və qızlara qarşı zorakılıq hadisələri ümumiyyətlə epizodik hadisələr və ya müstəqil cinayət hadisələri kimi bildirilir. Məişət zorakılığının daha çox qadına yönəlik olduğunu nəzərə alsaq, qadınlara qarşı zorakılıq məsələsində medianın rolu mühümdür,  zorakılığı insanlara çatdırmaq kifayət deyil, eyni zamanda bu zorakılıqla mübarizə yollarının olduğunu və konkret hansı tədbirlərin görülə biləcəyini bildirmək vacibdir.” Mütəxəssis təəssüflə qeyd edib ki, bəzən medianın özü də zorakılığı təhrik etməyə səbəb olur:

 

 “Məsələn, bəzi əxlaq amilli materialların dərci elə qadına qarşı zorakılıq aktıdır, çünki qadın ləyaqətini alçaldır. Media gender problemləri və qadın hüquqları ilə bağlı məsələyə həssas yanaşmalıdır. Mediada nümunəvi məhsullar olsa da, hələ də dağıdıcı mesajlar verənlər var. 

 

Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planında bu məsələdə KİV- in rolu qeyd olunub. Medianın bir çox qurumların dəstəyi ilə təlimatlanması göstərilib.” 

F.Qasımova beynəlxalq təcrübədən nümunələr gətirib: “ Bir çox ölkədə gender məsələsinə dair tədbirlər ciddiləşib. Misal üçün, Mərakeşdə hökumət qadın jurnalistlərin və onların işəgötürənlərin işləri ilə məşğul olmaq üçün arbitraj komissiyası yaradıb. Daim hesabatlılığa dayanan komissiya qadın hüquqlarına hörməti təşviq etmək üçün nizamnamələr, redaksiya siyasəti və ictimai televiziya üçün mediada gender stereotipləri haqqında bələdçi hazırlayıb. 2018-ci ildə qadınlara qarşı gender əsaslı diffamasiyaya görə, şəxsi və ya məxfi məlumatlarını, ifadələrini və ya şəkillərini onların razılığı olmadan qəsdən paylaşanlara cərimələrin tətbiqinə başlayıb.

 

Slovakiya da bənzər Milli Fəaliyyət Planında (2014-2019) media qanunvericiliyinin və özünütənzimləmənin effektivliyini artırmaq üçün illik monitorinq əsasında mediada və reklamda qadınlara qarşı zorakılığın izlənilməsi zərurətini qoyub, təlim fəaliyyətləri daxil edib.”

 

 

Bəs mən, sən, o nə edə bilərik, axı biz cəmik,cəmiyyətik?


Mübahisəli sual hələ də aktualdır. Niyə qadın hüququ, qadın qətlindən daha çox danışılır, məgər kişi öldürülmür? Çünki dünyada məişət zəminində öldürülənlərin 79%-i qadınlardır. Orta rəqəmlə hər gün dünyada 130-dan çox qadın qətl edilir. Ölümlərin çoxu femisid ,qadının qadın olduğu üçün öldürülməsidir. Çox qadın ərləri, keçmiş partnyorları tərəfindən zorakılıq nəticəsində həyatdan köçür. 

 

“Femisid Azərbaycan” platformasının araşıdrmasına görə, təkcə ötən il, 2022-ci ildə 74 qadın qətl edilib. Platformanın rəhbəri Nərgiz Muxtarovanın sözlərinə görə, bu ilin aprel ayına qədər bu rəqəm 23 nəfər olub. Qadına yönəlik qətllərin sayı mediada ictimailəşdirilən xəbərlərə əsaslanır. 
 

Əslində, rəsmi statistika qadın qətlərinin çoxunu məişət zorakılığının fəsadı kimi yox, cinayət hadisəsi kimi vurğulayır. 
Təəssüf ki, bu ilin tək may ayının ongünlüyündə 5 qadın həyat yoldaşları tərəfindən öldürüb, 1 nəfər ağır xəsarət alıb.

 

Bəs vətəndaş kimi mübarizədə rolumuz nədir?
Misal üçün, post-sovet ölkəsi olan Litvada məişət zorakılığı ilə mübarizə modelində cəmiyyətin fərdlərinin birgə iştirakı üçün maraqlı təşəbbüs həyata keçirilir. Belə ki, ərazi üzrə bələdiyyələrdə qara qutular yerləşdirilir, həmin qutulara hansısa zorakılıq görən və ya şahidlik edənlər anonim şəkildə məktub atırlar.
Bizdə də tvinninq layihəsi çərçivəsində ilkin olaraq ən çox zorakılıq faktı olan Sabunçu bələdiyyəsində qutular yerləşdirilib.
 
İnsanlar zorakılıq görən və edənə “özləri bilər” dedikcə, bir yerə vara bilməzlər. Ən azı belə halla qarşılaşdıqda " 860 qaynar xətt”ə müraciət etmək olar.

 

Professor Albert Eynşteynin belə bir fikri var, zorakılıq əxlaq səviyyəsi aşağı olan kişilər üçün həmişə cazibəli gəlib. 
Beynəlxalq təcrübə artıq Eynşteynin bu fikrinin əksinə yeni model təqdim edir. Belə ki, tək zorakılıq qurbanına deyil, zorakıya da dəstək praktikası formalaşıb. Praktika göstərir ki, belə şəxslər 3-6 aylıq təlim keçdikdən sonra  onların 45 % -i davranışını dəyişə bilər. 


Raminə Eyvazqızı
Qadınlar Arasında Həmrəylik İB-nin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda məişət zorakılğına qarşı mübarizə”layihəsi çərçivəsində müsabiqəyə təqdim olunur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı