Xəbərlər 08.07.2025 19:27 44

İnsan alveri ilə mübarizəyə diaspora təşkilatları fəal cəlb ediləcək - FOTOLAR

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası və Diasporla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə təşəbbüslər həyata keçirirlər.

QHT.az xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İnsan alveri ilə mübarizədə diaspora təşkilatlarının rolu və əməkdaşlıq” mövzusunda onlayn formatda dəyirmi masa müzakirələri keçirildi. 
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi, diaspor təşkilatlarının və Koalisiyanın üzvləri bir araya gələrək insan alverinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi və xaricdəki diaspor strukturlarının bu prosesə cəlb olunması yolları müzakirə edildi.

Tədbiri Koalisiyanın sədri, tədbirin moderatoru Mehriban Zeynalova açaraq insan alveri ilə mübarizədə diaspora təşkilatlarının potensialını və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğuladı. Qeyd etdi ki, təyinat ölkələrində yaşayan və fəaliyyət göstərən diaspor qurumları insan alveri qurbanlarının müəyyən olunması, onlara psixososial və hüquqi dəstəyin göstərilməsi baxımından mühüm rol oynaya bilər. Daha sonra çıxış edən DİN  İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri Araz Babayev, insan alveri qurbanlarının aşkarlanmasında tətbiq edilən meyarlar və Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər haqqında ətraflı məlumat verdi.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının və Koalisiyanın üzvü Zaur İbrahimli  qurbanların vaxtında müəyyən edilməsi və müdafiəsi üçün preventiv alətlərin gücləndirilməsinin vacibliyini qeyd etdi. O bildirdi ki, bu alətlər arasında maarifləndirmə, erkən xəbərdarlıq mexanizmləri və ictimai nəzarət mühüm yer tutur.

Koalisiyanın idarə heyətinin üzvü Kəmalə Aşumova isə təyinat ölkələrində fəaliyyət göstərən diaspor rəhbərlərinin insan alveri qurbanlarına göstərdikləri dəstəkdən, o cümlədən qaynar xəttlərin, xidmət mərkəzlərinin rolu və əhəmiyyətindən danışdı. Pakistan, Türkiyə, Çexiya, Gürcüstanda fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri insan alverinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinin vacibliyinin qeyd edərək, öz təkliflərini diqqətə çatdırdı. 

A.Babayev İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, diaspora ilə mümkün əməkdaşlıq məsələləri ilə bağlı sualları cavablandırdı.
M.Zeynalova diaspor təşkilatlarının insan alverinə qarşı mübarizədə fəal rol alması, soyadaşlarımızın  mümkün təhdidlərdən qorunması üçün Koalisiyanın necə kömək edə biləcəyi barədə, konkret misallarla ətraflı məlumat verdi. 

Tədbir zamanı iştirakçılar arasında fəal müzakirələr aparıldı, müxtəlif təklif və təşəbbüslər irəli sürüldü. Diaspor təşkilatlarının bu sahədə biliklərinin artırılması məqsədilə təlimlərin təşkili, Qurbanların aşkarlanması və müdafiəsi ilə bağlı diaspor qurumları ilə birgə əməkdaşlıq mexanizmlərinin yaradılması, Qaynar xətt məlumatlarının diaspor strukturları vasitəsilə yayılması istiqamətində tədbirlər keçirilməsi barədə razılıq əldə edildi. 

Həmçinin, 30 iyul Beynəlxalq İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəy ilə Koalisiya və diaspor təşkilatlarının birgə tədbirlər keçirilməsi müzakirə edildi. Qərara alındı ki, bu cür müzakirələr və tədbirlərin təşkili ayrı-ayrı ölkələrdə diaspor təşkilatlarını  cəlb etməklə davam etdirilsin.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı