18 oktyabr 2020-ci il tarixində, Vətən müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusu tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsü işğaldan azad edildi. Bu tarixi zəfər Azərbaycan xalqının iradəsi və qəhrəman oğullarımızın göstərdiyi şücaətin nəticəsi idi. Xudafərin körpüsü, tarixi və strateji əhəmiyyətinə görə, azad olunan ərazilər arasında xüsusi bir simvola çevrilib.
QHT.az xəbər verir ki, Xudafərin körpüsü, təkcə Cəbrayıl rayonunun deyil, bütün Azərbaycanın tarixi mirasıdır. Bu qədim körpü uzun illər ərzində işğal altında qalmış və düşmən tərəfindən istismar olunmuşdur. 44 günlük Vətən müharibəsi zamanı əldə olunan bu zəfər, Azərbaycan Ordusunun qüdrəti və xalqımızın birlik və həmrəyliyinin təntənəsi idi. 700 ildən çox yaşı olan bu körpü, Vətən müharibəsinin dönüş nöqtələrindən birini təmsil edir və xalqımızın tarixi zəfərinin əbədi simvolu olaraq yaddaşlara həkk olunub.
Bu tarixi zəfəri bizə bəxş edən qəhrəman şəhidlərimizi dərin ehtiramla yad edirik. Onların tökdüyü qan və fədakarlığı ilə bu torpaqlarımız azad olundu və ölkəmiz yeni bir dövrə qədəm qoydu. Bu zəfər yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda, xalqımızın qürur və mənəviyyatının yenidən dirçəlməsi oldu.
Xudafərin körpüsünün azad olunması ilə Azərbaycan tarixinin şanlı səhifələrindən biri yazıldı və bu zəfər gələcək nəsillərə qəhrəmanlıq dastanı kimi ötürüləcəkdir.
Pərvanə Fərhadqızı










