2014-cü ildən etibarən gənclərin inkişafına və milli dəyərlərin təbliğinə yönəlmiş fəaliyyət göstərən “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi, ölkəmizin elmi-mədəni irsini və intellektual-estetik inkişafını təşviq etməkdə mühüm rol oynayır.

İctimai Birliyin sədri Cəmilə Çiçək QHT.az-a bildirib ki, təşkilatın fəaliyyəti çərçivəsində “Milli Zəka” adlı elmi-mədəni jurnal nəşr olunur. Həmçinin 2016-cı ildən bu yana zekainfo.az sosial-analitik və ictimai-informativ portalı yaradılaraq müasir sosial tələblərə cavab verən onlayn resurs kimi fəaliyyət göstərir. Təşkilat sosial şəbəkələr, videopaylaşım platformaları və virtual şəbəkələşmə vasitəsilə geniş auditoriyaya xidmət edir:

"“Zəka İşığında” İctimai Birliyinin təşəbbüsü ilə indiyədək onlarla elmi-ədəbi kitab və yüzlərlə məqalə nəşr edilərək cəmiyyətin istifadəsinə təqdim edilib. Bu resurslar yalnız kitab formatında deyil, həm də onlayn platformalarda pulsuz olaraq yayımlanır. Eyni zamanda, təşkilat ölkəmizdə sosial həssas qruplara xüsusi diqqət yetirir. Son illər ərzində 200-dən çox qazi və şəhid ailəsi ziyarət edilib. Gənclərə, eləcə də həssas qruplara maddi, mənəvi və psixoloji dəstək göstərilib. Sosial köməyə ehtiyacı olan insanlara dair onlarla internet TV proqramları və vizual materiallar hazırlanaraq geniş ictimaiyyətin diqqətinə çatdırılıb". 

Cəmilə Çiçək həmçinin vurğulayıb ki, bu təşəbbüslər yalnız milli dəyərlərin təbliği ilə məhdudlaşmır, eyni zamanda gənclərin intellektual və mədəni inkişafına da mühüm töhfələr verir.

 

Pərvanə Fərhadqızı

QHT.az