“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri Cəmilə Çiçək QHT.az-a açıqlamasında cəmiyyətin maarifləndirilməsi və milli dəyərlərin təbliği istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, birliyin fəaliyyəti Azərbaycan ədəbi-mədəni mühitinin, kreativ-innovativ və pedaqoji-intellektual sahələrinin inkişafına mühüm töhfələr verir.

“Yazılı və elektron KİV-də yayımlanan çoxsaylı materiallar, həmçinin ekspertlərimizin çıxışları göstərir ki, cəmiyyətimiz üçün faydalı işlər görməyi bacarmışıq. Əsas məqsədimiz estetik sərvətlərimizi gənclərə, eləcə də xaricdə yaşayan soydaşlarımıza tanıtmaq və bu dəyərləri dünyada yaymaqdır. Bunun üçün ən yeni texnologiyalardan istifadə edərək geniş fəaliyyət göstəririk,” – deyə Cəmilə Çiçək qeyd edib.

Birlik internet vasitəsilə Türkiyə, Cənubi Azərbaycan, Rusiya və Avropada fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları və yaradıcı-intellektual şəxslərlə əməkdaşlıq əlaqələri qurub. Eyni zamanda, diaspor nümayəndələri ilə sıx ünsiyyət saxlayır.

“Fəaliyyətimizdə internet, İKT, sosial şəbəkələr və indi də süni intellekt kimi texnoloji yeniliklərə xüsusi diqqət ayırırıq. Təhsil müəssisələri, elm ocaqları, diaspor mərkəzləri və digər qurumlarla geniş bilgi və intellektual əlaqələr yaratmağa çalışırıq. Reallaşdırdığımız layihələr və ictimai-sosial fəaliyyətlər Azərbaycan cəmiyyətində ciddi əks-səda yaradıb. Orta və ali təhsil ocaqları, dövlət və ictimai qurumlar, eləcə də mədəniyyətyönümlü QHT-lər bizim işlərimizdən faydalanır,” – deyə Cəmilə Çiçək vurğulayıb.

 

Pərvanə Fərhadqızı