Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının tələbələri ilə Qazax Mediasiya Təşkilatının rəhbəri Pərvin Əhmədovun iştirakı ilə “Mediasiya məsələləri və mediasiya institutunun inkişafı” mövzusunda görüş keçirilib.
QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi tələbələrə mediasiya prosesləri, konfliktlərin həlli yolları və mediasiya institutunun cəmiyyətdəki rolu barədə geniş məlumat vermək olub. Görüşdə mediasiyanın hüquqi əsasları, tətbiq sahələri və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb. Qazax Mediasiya Təşkilatının rəhbəri Pərvin Əhmədov çıxışı zamanı mediasiya institutunun əhəmiyyətindən danışaraq, bu sahədə gənclərin maarifləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, mübahisələrin sülh yolu ilə həlli hüquqi və sosial inkişaf üçün vacibdir və bu istiqamətdə təhsilli kadrların hazırlanması böyük önəm daşıyır.
Tələbələr mövzu ilə bağlı suallarını səsləndirib və mediasiya sahəsində gələcəkdə fəaliyyət göstərmək imkanları ilə maraqlanıblar. Görüş qarşılıqlı fikir mübadiləsi və praktiki nümunələrin müzakirəsi ilə davam edib.
Pərvanə Fərhadqızı










