BMT-nin Əhali Fondu (UNFPA) ilə əməkdaşlıq çərçivəsində təşkil olunan “Gender əsaslı zorakılıq əleyhinə mübarizə” adlı kaskad təlim Hüquq və İnsan Haqları İnstitutu tərəfindən dekabrın 18-də Samux rayonunda da uğurla həyata keçirilib. Təlimin təşkilinə Samux Rayon İcra Hakimiyyəti tərəfindən təşkilati dəstək göstərilib.
QHT.az xəbər verir ki, İnstitutun bu təşəbbüsünün məqsədi bölgələrdəki gender bərabərliyini təmin etmək, zorakılığa qarşı daha təsirli mübarizə aparmaq və cəmiyyətin hər kəsin bərabər hüquqlara sahib olduğu bir mühitdə yaşamasını təmin etməkdir.
Təlimə qatılmış mütəxəssislərə zorakılığın müxtəlif yolları, səbəbləri və onun cəmiyyətə təsirləri, o cümlədən həyatın bütün sahələrindəki mənfi nəticələri barədə ətraflı məlumat verilib. Həmçinin zorakılığa qarşı mübarizənin effektiv yolları və yerli icmalarda bu məsələnin necə həll olunacağı müzakirə olunub. Samux Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, bələdiyyə nümayəndələrinin, habelə məktəb müəllimlərinin və psixoloqların iştirakı ilə keçən təlimdən 20 nəfər faydalanıb və sertifikatla təltif olunub.










