Zəfər Bayramı münasibətilə “Məlahətli Ana Uşaqlara Yardım” İctimai Birliyinin sədri Natiq Əhmədov bir sıra şəhid ailələrini ziyarət edərək onların qayğı və müraciətləri ilə yaxından tanış olub.

QHT.az xəbər verir ki, səfər çərçivəsində sədr bir neçə şəhər və qəsəbədə şəhid ailələrinin evlərini ziyarət edib, onların problemlərini dinləyib, arzu və istəklərini qeydə alıb.

İlk görüş Sumqayıt şəhəri Yaşma bağlarında yaşayan şəhid Cavid Mirzəyevin valideynləri ilə olub. Səmimi söhbət zamanı şəhidin anası yaşadığı küçədə bulaq kompleksinin tikilməsini arzuladığını bildirib. Sədr ailənin bu istəyini diqqətə aldığını və məsələnin müvafiq qurumlara çatdırılacağını qeyd edib.

Daha sonra Abşeron rayonu Masazır qəsəbəsində şəhidin ailəsi və azyaşlı övladı ilə görüş keçirilib. Şəhidin həyat yoldaşı həyətlərində yerləşən gün bozartmış şəhid fotosunun yenilənməsini istədiyini söyləyib. QHT sədri ailənin bu istəyinə dəstək olacağını bildirib.

Ziyarətlər sırasında Suraxanı rayonunda şəhid pilot kapitan Xəyyam Əliyevin atası, Əlixan müəllimlə də görüş keçirilib. Oğlunun xatirəsini əziz tutan şəhid atası, Xəyyam Əliyevin adının orta məktəblərdən birinə verilməsi və onun adına bəstələnmiş mahnıya klip çəkilməsi üçün dəstək xahiş edib. Sədr bu təşəbbüslərin şəhidin xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm olduğunu vurğulayıb.

Natiq Əhmədov həmçinin Xəzər rayonu Binə qəsəbəsində şəhid Firudun Musayevin ailəsini ziyarət edib. Ailə şəhidin həyat yoldaşının istəyini bölüşərək, mərmər üzərində döyülmüş tanıtım lövhəsinin evin girişinə vurulmasını arzuladıqlarını bildirib. QHT sədri bu təşəbbüsü dəstəklədiyini qeyd edib.

Səfərin növbəti ünvanı Suraxanı rayonu Binə sovxoz qəsəbəsində yerləşən şəhid Əhmədli Qardaşxanın ailəsi olub. Şəhidin atası Elxan müəllim, oğlunun adını əbədiləşdirmək məqsədilə həyətdə abidə kompleksinin tikintisinə dəstək istədiyini bildirib. Natiq Əhmədov şəhid ailələrinin bütün haqlı istəklərinin ictimai diqqətə çatdırılacağını vurğulayıb.

Görüşlərin əsas məqsədi şəhid ailələrinin sosial vəziyyəti ilə maraqlanmaq, onların mənəvi dəstəyə ehtiyaclarını yerindəcə qiymətləndirmək və Zəfər Bayramı günlərində dövlət, ictimaiyyət və vətəndaş cəmiyyəti arasında həmrəyliyi gücləndirmək olub.

Sədr sonda qeyd edib ki, “Məlahətli Ana Uşaqlara Yardım” İctimai Birliyi bundan sonra da şəhid ailələrinin yanında olacaq, onların istəklərinin reallaşması üçün bütün imkanlardan istifadə edəcək.