Noyabrın 10-da “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin təşəbbüsü ilə Xüsusi Təyinatlı Qüvvələrin bir qrup qazisi Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Qəhrəman adına layiq görülmüş Pəncəli Teymurovun evini və məzarını ziyarət edib.

QHT.az xəbər verir ki, bu barədə “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev bildirib. Onun sözlərinə görə, ziyarətin məqsədi qəhrəmanlarımızın xatirəsini anmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək və şəhid ailələrinə mənəvi dəstək göstərmək olub:

"Tədbir zamanı qazilər şəhidin anası Vahimə Teymurova ilə görüşüb, ona ehtiram əlaməti olaraq iki qurban kəsiblər. Şəhid anası oğlu Pəncəli Teymurovun uşaqlıq illəri və Vətən sevgisindən danışaraq ziyarətə görə təşəkkür edib. Qazilər Pəncəli Teymurovun ev muzeyini və məzarını ziyarət edərək onun döyüş yolundan və qəhrəmanlıq nümunələrindən söz açıblar. Onlar bildiriblər ki, Milli Qəhrəmanın göstərdiyi şücaət gənc nəsil üçün böyük örnəkdir. Sonda məzar üzərinə güllər düzülüb, hərbi salam verilib və şəhidin ruhuna dualar oxunub".

Pərvanə Fərhadqızı