Azərbaycan Respublikasında yeni növ koronavirusla mübarizəyə Vərəm əleyhinə QHT Koalisiyası da qoşulub.
Koalisiya insanları Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın çağırışına əsasən, ölkədə tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına ciddi əməl etməyə və həyati vacib zərurət yaranmadıqca evdən çıxmamağa çağırır.
QHT.az xəvər verir ki, Vərəm Əleyhinə QHT Koalisiyası karantin dövründə koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə qoşularaq, bir çox fəaliyyətlər həyata keçirmişdir. Fəaliyyətlər həm maarifləndirici, həm də yardım məqsədi ilə təşkil olunub. Mart ayından başlayaraq, bütün karantin müddəti ərzində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin dəstəyi ilə Koalisiya üzvü Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən COVİD-19-la bağlı əhali arasında maarifləndirmə işi aparılır, Azərbaycanda yaşayan miqrantlara və aztəminatlı ailələrə ərzaq bağlamaları paylanılır.
Koalisiya üzvü Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan Sağlamlıq Proqramı”nın koordinatoru Mətanət Qaraxanova İnstaqramda canlı yayımla Vərəm xəstəliyi və koronavirusla haqqında məlumatlandırıcı konsultasiya aparmış, izləyicilərin suallarını cavablandırmışdı.
Digər bir fəaliyyət çərçivəsində “Sağlamlığa Xidmət” İctimai birliyinin təşəbbüsü ilə məlumatlandırıcı posterlər çap olunaraq, insanların gündəlik getdikləri məkanlara, market və apteklərə paylanılıb.
“Sağlamlığa Xidmət” ictimai birliyi tərəfindən eyni zamanda, cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan vərəmli xəstələrə yardım aksiyasına başlanılaraq, mülki sektorda hal-hazırda müalicədə olan 35 nəfər vərəm xəstəsinə ərzaq bağlamaları təqdim edilir.
Vərəm Əleyhinə QHT Koalisiyası Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Real TV ilə birgə həyata keçirdiyi “Evdə qal, cəmiyyəti qoru” aksiyasına qoşularaq, Bakı şəhərində əhali arasında ictimai monitorinq keçirmişdi.
23 aprel 2020-ci il tarixində isə Koalisiya üzvləri 6-cı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Razi Nurullayev ilə onlayn görüş keçirdilər. Görüşün əsas məqsədi millət vəkili ilə vərəmli xəstələrin koronavirus kilidlənməsi ilə əlaqədar yaşadıqları sosial problemləri millət vəkilinin diqqətinə çatdırmaq idi.
Görüşün nəticəsi olaraq, Milli Məclisin 24 aprel tarixli plenar iclasında deputat Razi Nurullayev çıxış edib və iki məsələyə toxunub.
• İctimai təşkilatlara tətbiq edilən hüquqi məhdudiyyətlər tam aradan qaldırılsın.
• Dünyada koronavirusla mübarizə üçün milyardlarla vəsait ayrılıb. Niyə bizim təşkilatların o fondlardan maliyyə alıb ehtiyaclı insanlara kömək etməsi əngəllənir?
O bildirib ki, Prezident İlham Əliyevin ən çox sevdiyi və istifadə etdiyi sözlərdən biri ictimai nəzarət ifadəsidir.
"Onu isə ictimai təşkilatlar həyata keçirir. Məlumdur ki, QHT-lər haqqında qanuna məhdudlaşdırıcı müddəalar əlavə edilib. İctimai təşkilatlar yeganə olaraq Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sayəsində nəfəslik ala biliblər. Məhdudiyyətlər xarici fondlardan maliyyə vəsaitinin alınmasını qadağan edir. Bu qadağa nəticəsində professional ictimai nəzarət yox olub. Bu məhdudiyyətlərin təmamən aradan qaldırılmasını təklif edirəm.
Eyni zamanda, şirkətlərin yanında fondların yaradılmasının stimullaşdırılmasını təklif edirəm ki, biznesin ora köçürülən vəsaiti də vergidən təmamən azad edilsin. Heydər Əliyev Fondu ciddi köməklik göstərir. Çox gözəl və alqışlanası təşəbbüsdür və buna görə Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Qoy şirkətlərin öz nəzdlərində yaradacaqları ictimai fondlar da minlərlə ailələrə kömək etsinlər. Bu məsələnin qanuniləşdirilməsinə ehtiyac var. Ənənə isə Heydər Əliyev Fondu tərəfindən formalaşdırılıb."












