Fazil Talıbov: "Müvafiq meyarlara uyğun olmadıqlarına görə imtina mesajları gələn şəxslər də diqqətdən kənarda deyil"
"Birdəfəlik ödəmə proqramı hazırkı şəraitdə sosial dəstək tədbirlərindən yalnız biri idi. Müvafiq meyarlara uyğun olmadıqlarına görə imtina mesajları gələn şəxslər də diqqətdən kənarda deyil. Onların rifahına dəstək olacaq tədbirlərə cəlb edilməsi üçün imkanlar genişdir. Belə şəxslər istədikləri halda ödənişli ictimai işlər və digər aktiv məşğulluq proqramlarına cəlb edilə bilər. Və təbii ki, öz istəkləri əsasında".
QHT.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov "Facebook" profilində yazıb.
O qeyd edib ki, təkcə son 3 gündə imtina mesajı ilə bağlı nazirliyə müraciət edən, işsiz və aztəminatlı olduqlarını və 190 manata ehtiyac duyduqlarını israrla bildirən 4400 vətəndaşa dəstək olmaq, 190 manatdan daha çox məvacibli, əmək müqaviləsi əsasında ödənişli ictimai işlər təklif edilib: "Lakin onlardan cəmi 21-i (0,5 faizi) bu işlərdə çalışmaq istədiyini bildirib. Qalanı isə işləməkdən imtina edib, hətta bu təklifə əhəmiyyət belə verməyiblər. Maraqlıdır: işsiz, aztəminatlı olduğunu deyən şəxs cəmi iki ay verilməsi nəzərdə tutulan 190 manatı niyə əmək müqaviləsi əsasında iş yeri qazanmaqdan üstün tutur?! Bunun səbəbini iki amillə bağlamaq olar: Ya həmin insanlar işsiz olduqlarını desələr də əslində gəlirsiz deyillər. Bu da onların 190 manata ehtiyaclarının olmadığını, onlara göndərilən imtina mesajlarındakı səbəblərin dəqiq müəyyən olunduğunu göstərir. Ya da həmin şəxslər sadəcə işləmək istəmirlər. Bundan sonra da aktiv məşğulluq proqramlarımız getdikcə genişlənəcək və işləmək istəyən hər bir şəxsə bu proqramlara cəlb olunmaq imkanı yaradılacaq".












