Mərkəzi Bank “Nağd pul ofis”lərinin fəaliyyətinin davam etdirilməsi barədə açıqlama yayıb. Vətəndaşlarımızın heç də hamısında bu ofislərin fəaliyyəti barədə məlumat olmadığı üçün onlar zədələnmiş və tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı çətinliklər ilə üzləşirlər.

QHT.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, həmin pulları asanlıqla zədələnməmiş əskinaslar ilə əvəzləmək mümkündür: “Vətəndaşlarımız yararsız pul nişanlarını yalnız Bakıda deyil, həmçinin də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə müraciət edərək dəyişdirə bilərlər. Yararsız pul əskinasların dəyişdirilməsi zamanı heç bir ödəniş nəzərdə tutulmayıb. Qanunvericiliyə əsasən, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir”.

Ekspert həmçinin bildirib ki, yararsız pul nişanlarınız varsa onu aşağı dəyərə dəyişdirməyin, qeyd edilən idarələrə müraciət edərək tam məbləği almaqla onları əvəzləşdirə bilərsiniz.

 

Pərvanə Fərhadqızı