Bu gün psixi sağlamlıq haqqında danışmaq və hər kəsə psixi sağlamlığın vacib olduğunu göstərmək üçün bir gündür. Bu həm də insanların nə yaşadığından asılı olmayaraq kömək istəməyin yaxşı olduğunu bildirmək üçün gündür.

QHT.az xəbər verir ki, 1992-ci ildən etibarən hər il oktaybrın 10-u Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Əlamətdar günün qeyd olunması psixi sağlamlığın problemləri, onun möhkəmləndirilməsi və profilaktik üsulları barədə ictimaiyyətin məlumatlılığının artırılması məqsədi daşıyır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 450 milyondan çox insan psixi xəstəlikdən əziyyət çəkir. Psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi, səmərəli çalışdığı vəziyyətdir. Konkret məqamda insanın psixi sağlamlıq səviyyəsi bir çox sosial, psixoloji və bioloji amillərdən asılı olur. Dünya üzrə faktlar göstərir ki, davamlı sosial-iqtisadi təzyiq, yoxsulluq, o cümlədən təhsil səviyyəsinin aşağı olması həm ayrı-ayrı fərdlər, həm də icmalar üçün psixi sağlamlığın risk amillərinə aiddir. Sürətli sosial dəyişikliklər, işdə stres vəziyyəti, gender ayrı-seçkiliyi, sosial təcrid, qeyri-sağlam həyat tərzi, zorakılıq təhlükəsi, fiziki xəstəliklər, eləcə də insan hüquqlarının pozulması da psixi sağlamlığın pozulmasını şərtləndirən amillərə aid edilir. Bundan əlavə, insanları psixi pozuntulara həssas edən xüsusi psixoloji və şəxsiyyət amilləri, həmçinin genetik faktorlar və beyində kimyəvi maddələrin tarazlığının itməsi kimi bioloji səbəblər də bu amillərdəndir.

 

Pərvanə Fərhadqızı