QHT.az- a özəl açıqlama verən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Füzuli şəhərinin işğaldan azad olunmasının 4-cü ildönümü ilə bağlı fikirlərini bölüşüb.
QHT sədri bu tarixi günün Azərbaycanın Zəfər tarixində xüsusi yer tutduğunu vurğulayıb: "Füzuli şəhəri 100-lərlə qəhrəman Azərbaycan oğullarının qanı bahasına azad olundu. Azərbaycan ordusu böyük itkilər verdi, amma sonunda üçrəngli bayrağımız Füzuli torpaqlarında dalğalandı. Bu gün o torpaqlara sakinlərimiz geri dönür, yeni həyat qururlar."
Sevinc Orucova qeyd edib ki, bu yaxınlarda Füzuli rayonunda şəhid övladları üçün Gənclər Fondunun və Prezidentin Füzuli, Ağdam, Xocavənd raonlarında xüsusi nümayəndəliyinin dəstəyi ilə Böyük Qayıdış Gənclər Təşkilatı ilə birgə düşərgə təşkil edilib: "Füzulidə yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə düşərgənin bağlanış mərasimi baş tutdu. Həmçinin, şəhidlərimizə qoyulan xatirə abidəsini də ziyarət etdik. Bu, həm kədərli, həm də qürurverici bir xatirədir."
O, Azərbaycan dövlətinin azad edilmiş torpaqlarda intensiv bərpa və quruculuq işlərini sürətlə apardığını, artıq məktəblərdə uşaqların səsinin eşidildiyini və böyüməkdə olduqlarını vurğulayıb: "Övladlarımız qəhrəmanlarımıza minnətdarlıq və ehtiram sevgisi ilə böyüyürlər. Keçmiş şərəf tarixlərimizdən qürur duyaraq yeni həyata qədəm qoyurlar".
Pərvanə Fərhadqızı
QHT.az










