QHT - lərə Dövlət dəstəyi Agentliyinin MŞ- nın İdarə heyətinin üzvü, Xatirə Vəliyeva QHT.az-a açıqlamasında Azərbaycanda uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan addımları müsbət qiymətləndirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdən nəzarətsiz istifadə uşaqların psixoloji inkişafına, emosional vəziyyətinə, təhsilinə və sosial münasibətlərinə mənfi təsir göstərə bilər.
Xatirə Vəliyeva bildirib ki, kibertəzyiq, zərərli məzmun, dezinformasiya, onlayn istismar və sosial şəbəkə asılılığı kimi risklər azyaşlılar üçün ciddi təhlükə yaradır. O qeyd edib ki, 16 yaşadək uşaqlar üçün sosial şəbəkələrdə qeydiyyata məhdudiyyətin tətbiqi, 16–18 yaş arası yeniyetmələr üçün isə valideyn razılığı mexanizminin nəzərdə tutulması ailələrin məsuliyyətini artırmaq və uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz böyüməsini təmin etmək baxımından mühüm addımdır.
Bununla belə, Xatirə Vəliyeva vurğulayıb ki, təkcə qadağa və məhdudiyyətlər problemin tam həlli hesab oluna bilməz.
“Əgər bu qərar rəqəmsal savadlılığın artırılması, valideynlərin maarifləndirilməsi, məktəblərdə rəqəmsal təhlükəsizlik təlimlərinin təşkili və platformalarda yaş yoxlama mexanizmlərinin təkmilləşdirilməsi ilə müşayiət olunmasa, bəzi uşaqların sosial şəbəkələrdən gizli və ya saxta hesablarla istifadə etməsi riski yarana bilər. Buna görə də əsas məqsəd qadağalar tətbiq etməkdən daha çox, təhlükəsiz və məsuliyyətli internet mədəniyyətinin formalaşdırılması olmalıdır”, – deyə o bildirib.
Xatirə Vəliyevanın fikrincə, bu istiqamətdə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, təhsil müəssisələri, valideynlər və rəqəmsal platformalar birgə fəaliyyət göstərməlidirlər.
“Uşaqların rəqəmsal hüquqları qorunmaqla yanaşı, onların təhlükəsizliyi və sağlam psixoloji inkişafı da əsas prioritet olmalıdır. Balanslı yanaşma həm uşaqları onlayn risklərdən qoruyacaq, həm də onların rəqəmsal bacarıqlarının sağlam şəkildə formalaşmasına xidmət edəcək”, – deyə Xatirə Vəliyeva əlavə edib.






