Azərbaycanda 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulması, 16–18 yaş arası yeniyetmələrin isə valideyn razılığı ilə bu platformalardan istifadə etməsini nəzərdə tutan qanunvericilik dəyişiklikləri cəmiyyətdə geniş müzakirə olunur.

“Vəfa sosial problemlərin həllinə dəstək” İctimai Birliyinin sədri Fatimə Hacıbəyli QHT.az -a açıqlamasında bildirib ki, bu təşəbbüsün əsas məqsədi uşaqların rəqəmsal təhlükəsizliyini gücləndirmək və onları internet mühitində mövcud olan risklərdən qorumaqdır.

Onun sözlərinə görə, son illərdə sosial şəbəkələr uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin yaş xüsusiyyətləri nəzərə alınmadan bu platformalardan istifadə uşaqları kiberzorakılıq, təhlükəli çağırışlar, dezinformasiya, internet asılılığı və psixoloji təzyiq kimi ciddi təhlükələrlə üz-üzə qoya bilər.

Fatimə Hacıbəyli qeyd edib ki, erkən yaşlarda bu cür təsirlər uşaqların emosional inkişafına, ünsiyyət bacarıqlarına və təhsil prosesinə mənfi təsir göstərir.

QHT sədri vurğulayıb ki, problemin həlli yalnız qanunvericiliklə mümkün deyil. Onun fikrincə, uşaqlar bəzən müxtəlif üsullarla tətbiq olunan məhdudiyyətləri aşmağa çalışırlar. Buna görə də qanunvericiliklə yanaşı, valideyn nəzarətinin gücləndirilməsi, məktəblərdə rəqəmsal savadlılığın artırılması və ailədaxili açıq ünsiyyət xüsusi əhəmiyyət daşıyır.

“Valideynlər övladlarının internetdə keçirdiyi vaxta, izlədiyi məzmuna və ünsiyyətdə olduğu şəxslərə diqqət yetirməli, eyni zamanda onlarla etibarlı münasibət qurmalıdırlar. Uşaq bilməlidir ki, qarşılaşdığı hər hansı təhlükə barədə çəkinmədən valideyninə və ya müəlliminə müraciət edə bilər”, – deyə o bildirib.

Fatimə Hacıbəyli hesab edir ki, uşaqları qorumağın ən düzgün yolu onları rəqəmsal dünyadan təcrid etmək deyil, həmin mühitdə təhlükəsiz və məsuliyyətli davranmağı öyrətməkdir.

Onun sözlərinə görə, dövlətin, ailənin, məktəbin və cəmiyyətin birgə əməkdaşlığı nəticəsində həm uşaqların hüquqları daha etibarlı şəkildə qoruna, həm də onların sağlam psixoloji inkişafı üçün təhlükəsiz rəqəmsal mühit formalaşa bilər.