“Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, Şuşa Qlobal Media Forumu artıq sadəcə media nümayəndələrinin bir araya gəldiyi tədbir deyil. Bu forum qlobal informasiya məkanında aktual proseslərin müzakirə olunduğu, müxtəlif baxışların qarşılıqlı şəkildə bölüşüldüyü və Azərbaycanın mövqeyinin beynəlxalq media vasitəsilə dünya ictimaiyyətinə çatdırıldığı nüfuzlu dialoq platforması kimi formalaşıb. Onun əsas üstünlüklərindən biri də dünyanın müxtəlif ölkələrindən gələn media təmsilçilərinə regionda baş verən dəyişiklikləri yerində müşahidə etmək imkanı yaratmasıdır”.

Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri QHT.az-a açıqlamasında deyib.

O bildirib ki, ilk dəfə 2023-cü ildə keçirilən Şuşa Qlobal Media Forumu qısa müddətdə beynəlxalq nüfuz qazanaraq Azərbaycanın qlobal informasiya diplomatiyasının ən mühüm platformalarından birinə çevrilib: “Bu gün forum müxtəlif ölkələri təmsil edən jurnalistləri, media rəhbərlərini, ekspertləri və kommunikasiya sahəsinin nümayəndələrini bir platformada bir araya gətirərək informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə, media etikası və beynəlxalq əməkdaşlıq kimi aktual mövzular ətrafında geniş fikir mübadiləsinə imkan yaradır.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, forumun əsas məqsədlərindən biri xarici media nümayəndələrinin Qarabağı və Şuşanı yaxından tanımasına şərait yaratmaqdır. Bunun ən mühüm nəticəsi ondan ibarətdir ki, uzun illər ərzində ölkəmiz haqqında formalaşdırılmış qərəzli təsəvvürlər faktlar əsasında təkzib olunur. Xarici jurnalistlər Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini, müasir yaşayış məntəqələrini, yeni infrastruktur layihələrini, tarixi-mədəni irsin bərpasını və Böyük Qayıdış Proqramının nəticələrini yerində görərək bunları beynəlxalq ictimaiyyətə daha obyektiv şəkildə çatdırmaq imkanı əldə edirlər.

Şuşa Qlobal Media Forumu eyni zamanda xarici media nümayəndələrinin Azərbaycanın Türk dünyasının inteqrasiyası, regional əməkdaşlıq, sülh təşəbbüsləri, Orta Dəhlizin inkişafı və qlobal əməkdaşlıq gündəliyi ilə bağlı baxışlarını birbaşa mənbədən öyrənməsinə imkan yaradır. Bu isə ölkəmizin beynəlxalq informasiya məkanındakı mövqeyinin daha dolğun təqdim edilməsinə və informasiya siyasətinin effektivliyinin artmasına mühüm töhfə verir”.

Əməkdar jurnalist qeyd edib ki, Şuşa Qlobal Media Forumu bu gün Azərbaycanın regional və qlobal gündəmlə bağlı baxışlarının beynəlxalq ictimaiyyətə çatdırıldığı ən nüfuzlu platformalardan biridir: “Qeyd etdiyimiz kimi forum çərçivəsində Prezident İlham Əliyevin regional əməkdaşlıq, sülh gündəliyi, Türk dünyasının inteqrasiyası, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və digər qlobal çağırışlarla bağlı səsləndirdiyi mesajlar dünyanın aparıcı media qurumları vasitəsilə geniş auditoriyaya çatdırılır. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycanın mövqeyi ilə birbaşa tanış olmasına, ölkəmiz haqqında obyektiv informasiya mühitinin möhkəmlənməsinə və informasiya sahəsində etibarlı dialoqun inkişafına xidmət edir”.

Nadir Azərinin sözlərinə görə, artıq ənənə halını alan Şuşa Qlobal Media Forumu təkcə media əməkdaşlığını təşviq edən tədbir deyil, həm də Azərbaycanın müasir inkişaf modelini beynəlxalq aləmə təqdim edən mühüm kommunikasiya məkanıdır. Ümumiyyətlə, Şuşa Qlobal Media Forumu müasir dövrdə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirən və informasiya diplomatiyasına mühüm töhfə verən ən uğurlu beynəlxalq təşəbbüslərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.