Cəmiyyətin İnkişafı Mərkəzinin sədri Əhməd Abbasbəyli QHT.az-a açıqlamasında bildirib ki, Şuşa Qlobal Media Forumu artıq bir neçə ildir beynəlxalq media nümayəndələrini, ekspertləri və ictimai fəalları bir araya gətirən nüfuzlu platformaya çevrilib. Onun sözlərinə görə, forum qlobal informasiya məkanında media etikası, rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə və beynəlxalq informasiya əməkdaşlığı kimi aktual məsələlərin müzakirəsi üçün mühüm imkan yaradır.
“Forumun məhz Şuşada keçirilməsi xüsusi simvolik məna daşıyır. Uzun illər işğal və informasiya manipulyasiyalarının hədəfi olmuş Şuşa bu gün beynəlxalq dialoqun, əməkdaşlığın və həqiqətin müdafiəsinin simvoluna çevrilir. Bu, Azərbaycanın postmünaqişə dövründə sülh gündəliyinə və etibarlı informasiya mühitinin formalaşdırılmasına verdiyi töhfənin göstəricisidir.
IV Şuşa Qlobal Media Forumunun ‘Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması’ mövzusuna həsr olunması həm regional, həm də qlobal baxımdan olduqca aktualdır. İnformasiya müharibələrinin, saxta xəbərlərin və dezinformasiyanın geniş yayıldığı dövrdə medianın əsas vəzifəsi həqiqətə söykənən, obyektiv və məsuliyyətli informasiya təqdim etməkdir.
Peşəkar jurnalistika faktların təhrif olunmasının qarşısının alınmasında, cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində və etimadın bərpasında mühüm rol oynayır. Sülhün davamlı olması üçün təkcə Azərbaycan mediasının deyil, beynəlxalq medianın da məsuliyyətli mövqe nümayiş etdirməsi vacibdir.
Təəssüf ki, bəzi media qurumları manipulyasiya və dezinformasiyaya yol verməklə gərginliyi artırmağa çalışırlar. Hesab edirəm ki, IV Şuşa Qlobal Media Forumu bu cür hallara qarşı vahid mövqenin formalaşdırılması, sülhpərvər jurnalistikanın təşviqi və beynəlxalq media əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.”






