Apple-ın Mac prosessorları ilə bağlı yeni yol xəritəsi ortaya çıxıb. İddialara görə, şirkət M6 Pro, M6 Max və M6 Ultra modellərini təqdim etmədən birbaşa M7 seriyasına keçə bilər. Yeni nəsil M7 Ultra prosessorunun isə 1,5 TB-a qədər birləşdirilmiş yaddaşı dəstəkləyəcəyi bildirilir.
QHT.az xarici mediaya istinadən bildirir ki, Bloomberg-in jurnalisti Mark Gurmanın paylaşdığı məlumata əsasən, Apple yüksək performanslı Mac kompüterləri üçün prosessor strategiyasında ciddi dəyişiklik etməyə hazırlaşır. Məlumata görə, şirkət yalnız standart M6 çipini təqdim etdikdən sonra M6 Pro, M6 Max və M6 Ultra modellərini buraxaraq birbaşa M7 ailəsinə keçə bilər.
Sızmalarda bildirilir ki, bu qərarın əsas səbəbi M7 seriyasında, xüsusilə də süni intellekt əməliyyatlarını yerinə yetirən Neural Engine bölməsində nəzərdə tutulan böyük performans artımıdır. Apple-ın yeni arxitekturanı daha tez bazara çıxarmağı planlaşdırdığı qeyd olunur.
Ən diqqətçəkən yenilik isə M7 Ultra modeli ilə bağlıdır. İddialara görə, bu prosessor 1,5 TB-a qədər birləşdirilmiş (unified) yaddaşı dəstəkləyə bilər. Bu göstərici M5 Ultra üçün gözlənilən maksimum yaddaş həcmindən təxminən iki dəfə çox hesab olunur. Son yaddaş tutumunun isə istehsal imkanları və komponentlərin qiymətindən asılı olacağı bildirilir.
Məlumatda qeyd edilir ki, Apple M7 Ultra ilə təkcə peşəkar Mac kompüterlərini deyil, həm də süni intellekt hesablamaları sahəsini hədəfləyir. Şirkətin bu platforma ilə Nvidia Blackwell kimi süni intellekt sürətləndiricilərinə rəqib olacaq performans təqdim etməyi planlaşdırdığı, gələcəkdə həmin arxitekturanın server sistemlərində də istifadə oluna biləcəyi iddia edilir.
Bununla yanaşı, Apple-ın artıq M8 nəsli üzərində də işlədiyi bildirilir. “Soko” və “Cardinal” kod adları ilə hazırlanan bu prosessorların 1,4 nanometrlik istehsal prosesi əsasında hazırlanacağı və 2028-ci ildə təqdim ediləcəyi gözlənilir. Lakin bu barədə rəsmi məlumat hələ açıqlanmayıb.
Qeyd edək ki, bütün bu məlumatlar hazırda sızmalara əsaslanır və Apple tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.






