“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal QHT.az-a açıqlamasında bildirib ki, IV Şuşa Qlobal Media Forumunda əsas müzakirə mövzusu “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” olsa da, tədbirdə Azərbaycan Prezidenti media nümayəndələrini maraqlandıran bir sıra aktual məsələlərə də geniş şəkildə münasibət bildirib.

Onun sözlərinə görə, dövlət başçısı postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin perspektivləri, Azərbaycanla Avropa qurumları arasında əməkdaşlığın hazırkı vəziyyəti, eləcə də dünyada davam edən münaqişələr və digər mühüm beynəlxalq məsələlərlə bağlı Azərbaycanın rəsmi mövqeyini ətraflı izah edib.

Aqil Camal qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra sülh təşəbbüsü ilə çıxış edən tərəf məhz Azərbaycan olub. O vurğulayıb ki, indiyədək sülh prosesində əldə olunan irəliləyişlər Azərbaycanın ardıcıl və məqsədyönlü təşəbbüslərinin nəticəsidir. Xüsusilə, üçüncü tərəfin vasitəçiliyi olmadan tərəflər arasında birbaşa dialoq mexanizminin yaradılması və danışıqların bu formatda aparılması mühüm nailiyyət kimi qiymətləndirilib.

İctimai birlik sədrinin sözlərinə görə, forumda Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət edən konkret addımları da diqqətə çatdırıb. Bunlar sırasında Azərbaycanın Ermənistana neft məhsulları ixracı, eləcə də Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən Ermənistana 40 mindən artıq ton müxtəlif təyinatlı yükün Azərbaycan ərazisindən tranzit daşınmasının təmin edilməsi xüsusi qeyd olunub.

Aqil Camal bildirib ki, dövlət başçısı Avropa Şurası ilə münasibətlərdə yaranmış böhrana görə məsuliyyətin qarşı tərəfin üzərinə düşdüyünü vurğulayaraq, əməkdaşlığın bərpası üçün ilk addımın da məhz Avropa Şurası tərəfindən atılmalı olduğunu ifadə edib.

O əlavə edib ki, hazırda dünyada davam edən və sonu görünməyən müharibələr Avropanın enerji təhlükəsizliyi üçün ciddi risklər yaradır. Belə bir şəraitdə Azərbaycan Avropanın enerji təminatında etibarlı tərəfdaş kimi çıxış edir. Bu baxımdan, Avropa qurumlarının Azərbaycana qarşı qərəzli yanaşmadan imtina edərək qarşılıqlı etimad və maraqlara əsaslanan konstruktiv əməkdaşlıq müstəvisinə qayıtması vacibdir.

Aqil Camalın fikrincə, IV Şuşa Qlobal Media Forumunda səsləndirilən mesajlar Azərbaycanın sülhə, regional sabitliyə və qarşılıqlı faydalı əməkdaşlığa sadiqliyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.