“Qarabağ həsrəti ilə dünyasını dəyişmiş Bəhram Nəsibovun doğulduğu kənddən götürdüyümüz torpağı bəstəkarın Bakı şəhərindəki qəbrinə səpərək ruhunu şad etmiş olduq. Bununla da ailə dəyərlərinə ehtiram istiqamətində də əyani təbliğat aparmış olduq”.
Bu sözləri “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov QHT.az –a açıqlamasında bildirib. Bəhram Nəsibovun anadan olduğu Füzuli şəhərinə bu il səfər etdiklərini, səfər zamanı Füzuli şəhərini və şəhərə köç edən qaçqınları, Füzuli şəhərinin xarabalığa çevrilmiş xeyli sayda kəndləri, işğal vaxtı qurulmuş erməni səngərləri, məhv edilmiş düşmən texnikasını və tarixi abidələrimizin video çəkilişlərini apardıqlarını bildirən QHT sədri həmçinin qeyd edib ki, partlayıcı tələ qurğularına düşmək riskimizə baxmayaraq, tarixçi-tədqiqatçı Nazim Tapdıqoğlunun təqdimatında apardığımız video çəkilişləri sosial şəbəkələrdə paylaşdıq: “Video çəkilişlər həmin ərazilərin necə dağıdılmasını dünya ictimaiyyətinə çatdırmaqla bərabər həmin ərazilərdə xatirələri olan vətəndaşlarda romantik nostalji hissləri oyatmış oldu. İşğaldan azad edilmiş ərazilərdə dünya standartlarına uyğun aparılan quruculuq işləri də video çəkilişdə əksini tapıb. Xarabalıqlara çevrilmiş ərazilərimizi əks etdirən bu formatdakı video çəkilişlər keçmişi unutmamaq istiqamətində ictimai əhəmiyyətə malikdi. Ona görə də televiziyalarımızı belə bir işdə fəallığa dəvət edirəm”.
Qeyd edək ki, İctimai Birlik 2024-cü il Prezident seçkilərində namizəd olan İlham Əliyev cənəblarına dəstək vermək məqsədi ilə strategiya planlaşdırır. Eləcə də gələn il “Heydər Əliyev Fondu”nun 20 illik yubileyi və Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paxtaxtı” elan edilməsinə tövhələr verməyə hazırlaşırlar.
Pərvanə Fərhadqızı










