Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru olan Malik Təvəkkül oğlu Əliyev 1986-cı il dekabrın 26-da Naxçıvan şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 2001-2004-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2004-2008-ci illərdə isə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təhsil alıb. 2008-2015-ci illərdə Sərhəd Qoşunlarının Xudat Sərhəd Dəstəsində Komendant bölüyünün komandiri, 2015-ci ildən isə Horadiz Sərhəd Dəstəsinin Komendantlığında Qərargah rəisi vəzifəsində xidmət edib. Mayor Malik Əliyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 13-də qəhrəmancasına şəhid olub.

Malik Əliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

 

Pərvanə Fərhadqızı