Gündəlik həyatda üzləşdiyimiz hadisələr müxtəlif sahələrdə müəyyən bilik və bacarıqlara yiyələnməyi tələb edir. Xüsusilə fiziki sağlamlığın qorunması, bu və ya digər səbəbdən xəsarət almış, səhhətində müəyyən problem yaranmış insanlara yardım göstərilməsi, gözlənilən təhlükənin həkim müdaxiləsinədək qarşısının alınması üçün ilkin tibbi yardımla bağlı müəyyən bilik və bacarıqlara malik olmaq olduqca vacibdir.
QHT.az xəbər verir ki, məhz bu məqsədlə “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə ötən ildən başlayaraq Nərimanov rayonunda “İlkin tibbi yardım” kursunu təşkil edib. Kursun dinləyiciləri sırasında xüsusi hörmətə və diqqətə layiq şəhid analarını görmək həm şərəfli, həm də sevindiricidir. Övladları əzəl torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından və qanından keçib, müharibənin ağrı və acısını bütün varlığı ilə yaşamış, oğul itkisi ilə üzləşmiş anaları təmənnasız olaraq “İlkin tibbi yardım” kurslarına qəbul etməklə qeyri-hökumət təşkilatı onlara mənəvi və psixoloji dəstək göstərmiş, təsəlli verib.
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova bildirib ki, bu günlərdə paytaxtın Nərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxanasında “İlk tibbi yardım” kursunu dinləyicilər qismində uğurla başa vuran şəhid analarına müvafiq şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib: "Əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qanlı döyüşlərdə canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhid anaları qəhrəman övladları haqqında xatirələri ilə bölüşüb, İctimai Birliyin qrant layihələri çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə nəşr olunan “Başını uca tut, şəhid anası” və “Yarımçıq qalmış arzular” kitablarının müzakirəsinə qatılmışlar. Anaların övladları ilə bağlı xatirələrindən ibarət kitaba həsr olunmuş video-çarx nümayiş etdirildikdən sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində keçirilən bu tədbirdə “İlk tibbi yardım” kursunda müvafiq bilik və bacarıqlara yiyələnmiş beş şəhid anasına şəhadətnamələr və bayram hədiyyələri təqdim edilib".
Qeyd edək ki, tədbirin sonunda QHT sədri Ruhiyyə Məmmədova təlim kursunun keçirilməsinə dəstək göstərdiyinə görə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə, tədbirin təşkilinə görə kitabxana rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib, bu cür təşəbbüslərə gələcəkdə də geniş yer veriləcəyini diqqətə çatdırıb.
Pərvanə Fərhadqızı










