“Azərbaycan uzun əsrlər boyu müxtəlif hücumlara məruz qalıb, xalqımızın başına düşmənlər tərəfindən çoxlu müsibətlər gətirilib. Xalqımızın qonaqpərvərliyindən, ürəyi açıqlığından istifadə edən düşmənlərimiz min bir hiylə ilə torpaqlarımızı zəbt ediblər. Lakin bütün bunlara 2020-ci ilin 44 günlük Vətən müharibəsində son qoyuldu. Azərbaycan xalqı son 200 illik tarixində ilk dəfə savaşda torpaq itkisinə məruz qalmadı. Əksinə, işğal altındakı bütün torpaqlarını azad etdi. Fevralın 7-nə prezident seçkilərinin təyin olunması da məhz bu tarixi Zəfərdən irəli gəlir”.

QHT. az bildirir  ki, bunu secki-2024.az saytına açıqlamasında Milli Məclisin üzvü Vüqar İskəndərov deyib.

 

Deputat qeyd edib ki, bu seçkilər hər bir mənada tarixidir. Çünki müstəqillik əldə etdikdən sonra seçkilər ilk dəfə bütün ölkə ərazisində keçiriləcək:

 

“Qalib ölkənin vətəndaşları bütün ölkə boyu qurulmuş səsvermə məntəqələrinə gedərək Azərbaycana növbəti müddətə rəhbərlik edəcək şəxsi seçəcəklər. Bu baxımdan Zəfərimiz kimi bu seçkilər də tarixi seçkilər adlanır”, - V.İskəndərov əmin olduğunu bildirib ki, bu seçkilərin tarixdə öz yerini tutmasının digər bir səbəbi də xalqın mütəşəkkil formada səsvermədə iştirak etməsi olacaq.