Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Cavid Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2010-cu ildə təhsilini yüksək göstəricilərlə başa vurduqdan sonra Murovdağ istiqamətində yerləşən “N” saylı hərbi hissədə bölük komandiri kimi vətənə xidmətə başlayıb. Hərbi rütbələrini vaxtından əvvəl alan Cavid Mahmudov Vətən müharibəsinin başlamasına az qalmış hərbi məktəbin magistr pilləsini də başa vurub. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib və 5 oktyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Cavid Mahmudov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad olsun!